Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində IX “Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə rəsmi qonaqlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak edib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək bildirib ki, şahmat turniri Qəbələyə daha çox qonaq cəlb edəcək. O, rayona göstərilən etimada görə turnirin təşkilatçılarına, Milli Şahmat Federasiyasına, Gənclər və İdman Nazirliyinə və Vüqar Həşimov Fonduna minnətdarlığını ifadə edib: “Bir gün əvvəl Gənclər və İdman Nazirliyinin Kollegiyası Qəbələni “2025-ci ilin İdman Paytaxtı” elan etdiyi üçün biz “Vüqar Həşimov Memorialını” yeni keyfiyyətdə qəbul edirik”.
Sonra Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib. O, turnirin dünya təqvimində özünəməxsus yer tutduğunu deyib: “Aramızdan vaxtsız ayrılan Vüqar böyük şahmat irsi qoyub. Bu gün də onun irsi öyrənilməkdə davam edir". Qəbələnin şahmat turnirinə ilk dəfə ev sahibliyi etdiyini önə çəkən federasiya prezidenti əlavə edib ki, yarışın yüksək səviyyədə keçirilməsi üçün hər şərait yaradılacaq.
Sonra Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri Qasım Həşimov çıxış edib. Tanınmış qrossmeysterin atası Vüqarın xatirəsini ehtiramla yad etdiklərinə görə iştirakçılara təşəkkürünü bildirib. “Mən xüsusilə dünya şahmat korifeyi Boris Qelfanda təşəkkür etmək istəyirəm. Həştərxanda keçirilən Qran-pri zamanı Vüqara necə kömək etdiyini unutmayacağam. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Daha sonra proqramın bədii hissəsinə start verilib.
Qeyd edək ki, Santoş Vidit Qujarati, Arjun Eriqaisi (hər ikisi Hindistan), Rixard Rapport (Rumıniya), Yorden Van Forest (Niderland), Boris Qelfand (İsrail), Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının qatılacağı turnirin ilk üç günü rapid, son gündə - dekabrın 11-də isə blits üzrə oyunlar olacaq. “Vüqar Həşimov Memorialı”nın baş hakimi beynəlxalq qrossmeyster İlahə Qədimovadır. Bütün partiyalar turnirin rəsmi saytı ilə yayımlanacaq. Partiyaları Murad Həşimov və Kənan Qarayev şərh edəcəklər.
İdman.biz