Şəhriyar Məmmədyarov FİDE reytinqində “Top-20”ni tərk etməsinin səbəbini açıqlayıb - MÜSAHİBƏ

Müsahibə
7 Dekabr 2023 14:46
874
Şəhriyar Məmmədyarov FİDE reytinqində “Top-20”ni tərk etməsinin səbəbini açıqlayıb - MÜSAHİBƏ

Azərbaycan milli komandasının şahmatçısı Şəhriyar Məmmədyarovun İdman.biz saytına müsahibəsi

- Dekabrın 8-də Qəbələdə “Vüqar Həşimov Memorialı 2023” turniri start götürəcək. 5 ölkənin şahmatçılarının qatılacağı yarışdan gözləntiləriniz nələrdir?

- Vüqar Həşimovun əziz xatirəsinə həsr olunan turnirlərin hər biri maraqlı anlarla yadda qalıb. Sayca 9-cu olan bu dəfəki, yarışda rapid və blits şahmat növünün ustaları hesab olunan güclü xarici şahmatçılar da iştirak edəcəklər. Bu səbəbdən turnirin çətin keçəcəyini düşünürəm. Son illərdə iştirakçılar klassik növdə deyil, rapid və blits üzrə öz güclərini sınayırlar. Bu da “Vüqar Həşimov Memorialı”nın daha da fərqli keçməsinə şərait yaradır. Mən iki dəfə bu yarışın qalibi olmuşam. Əsas hədəfim turnirdə maraqlı oyun nümayiş etdirərək, yenidən qalib olmaqdır. Bunun üçün bütün var gücümüzlə çalışacam. Bütün iştirakçılara uğurlar arzu edirəm.

- Uzun müddətdən sonra FİDE-nin reytinq sırasında “Top 20”ni tərk etmisən. Son siyahıda 26-cı yerə düşməyini nə ilə əlaqələndirirsiniz?

- Statistikaya özüm də nəzər yetirmişəm. Son 13-14 ildən sonra “20-liy”i tərk etmişəm. Cədvəldə ən minimal sıralara düşmüşük. Təbii ki, bunun əsas səbəblərindən biri də yaş faktoru və fiziki hazırlıqla bağlıdır. Çünki istər-istəməz insanın yaşı artdıqca eyni səviyyədə qala bilmir. Sadəcə, uğursuzluqlar oldu. Şanslarımın çox olduğu zamanlarda qələbə qazana bilmədim. Ancaq bu göstərici ilə razılaşmaram. Üzərimizdə çalışaraq gələn ilin ortalarından ciddi bir cəhd edərək yüksəkliklərə qalxmağı fikirləşirəm.

- Bəs yenidən mövqeyinə qayıtmaq çətin olmayacaq?

- Təbii ki, çətin olacaq. Çünki son 5 il ərzində reytinq xalım 2825-dən 2723-ə düşüb. Bu, 5-6 il ərzində çox böyük mənfidir və normal hal deyil. Amma bəlli bir yaşda belə olur. “Top-10”a qayıtmaq üçün çox çalışacam.

- İlə Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatları ilə yekun vuracaqsan. Bu yarışda əsas hədəfin nə olacaq?

- Rapiddə dünya çempionluğumu təkrarlamaq istəyirəm. Blits növündə isə titulum yoxdur. Bu baxımdan şansımdan istifadə etmək, yeni uğura imza atmağı düşünürəm. Rapid və blits üzrə dünya çempionatı bütün dünya ölkələrinin şahmatçılarının qatıldığı bir yarışdır. Həmçinin, ilin son və çox vacib beynəlxalq turniridir. Ona görə dünya çempionatının çətin keçəcəyini düşünürəm.

- Yeni il üçün planların nədir?

- 2024-cu ildə Şahmat Olimpiadası olacaq. Həmçinin, Maqnus Karlsenin İddiaçılar Turnirindən rəsmi imtinasından sonra Nicat Abbasovun burada iştirakı gözlənilir. Fikirləşirəm ki, qarşıdan gələn ildə bu iki yarış vacibdir. Əsas hədəfim isə reytinqdəki mövqeyimi geri qaytarmaq və xallarımı yüksəltməkdir.

Banuçiçək Hüseynli
İdman.biz