Azərbaycanın basketbol klubu “Abşeron Lions” ilk dəfə Avropa kuboklarında iştirak edəcək.
İdman.biz xəbər verir ki, komanda sentyabrın 24-də Bakıda, İdman Sarayında Kiprin “Anortosis” klubuna qarşı FIBA Avropa Kubokunun (beynəlxalq federasiyanın klub yarışları arasında ikinci ən nüfuzlu turnir) təsnifat mərhələsində ilk oyununu keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Gözlənildiyi kimi, görüşün favoriti Avropa təcrübəsi olan Kipr təmsilçisidir. “Abşeron” isə debüt mövsümünə çıxır. Keçən mövsüm Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan “aslanlar” yay fasiləsində əsas heyəti qoruyub saxlayıb, eyni zamanda bir neçə legioner və gənc yerli basketbolçunu transfer etməklə güclənib.
Qeyd edək ki, cavab qarşılaşması oktyabrın 1-də Limassolda baş tutacaq. Bu səbəbdən “Abşeron”un Bakıda inamlı qələbə qazanması vacibdir, çünki Kiprdə rəqib azarkeşlərinin dəstəyi altında oynamaq çətin olacaq.
Xatırladaq ki, qarşıdakı mövsümdə Avropa kuboklarında ilk dəfə 3 Azərbaycan klubu mübarizə aparacaq: “Abşeron”la yanaşı, “Neftçi” FIBA Avropa Kubokunun əsas mərhələsində, “Sabah” isə FIBA Çempionlar Liqasının qrupunda çıxış edəcək.
10:54
Azərbaycanın “Absheron Lions” basketbol klubu bu gün FIBA Avropa Kubokunun I təsnifat mərhələsində ilk oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, komanda Kiprin “Anortosis” (Famaqusta) klubunu qəbul edəcək.
Oyun Bakı İdman Sarayında saat 19:00-da start götürəcək.
Cavab görüşü isə bir həftə sonra Kiprdə keçiriləcək.
Qeyd edək ki, matç “Absheron Lions” klubunun avrokuboklarda debütü olacaq.
FIBA Avropa Kuboku
I təsnifat mərhələsi
24 sentyabr (çərşənbə)
19:00. “Absheron Lions” vs “Anortosis”
Bakı İdman Sarayı
Teymur Tuşiyev