“Gəncə”nin baş məşqçisi: “İstədiyimiz kimi oynamadıq”

18 Oktyabr 2026 18:14
101
“Gəncə”nin baş məşqçisi: “İstədiyimiz kimi oynamadıq”

“Gəncə” basketbol komandasının baş məşqçisi Rizvan Səfərov Azərbaycan Basketbol Liqasının üçüncü turunda “Naxçıvan”a 70:72 hesablı məğlubiyyəti dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra komandasının həm hücumda, həm də müdafiədə gözlənilən səviyyədə çıxış etmədiyini bildirib.

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyuna gəlincə, istər hücumda, istərsə də müdafiədə istədiyimiz kimi oynamadıq. Üçxallıq atışlarda dəqiq ola bilmədik. Bütün bunlar məğlubiyyətimizə səbəb oldu”, - deyə Səfərov bildirib.

Baş məşqçi “Naxçıvan”la qarşılaşmanın Avropa Kubokundakı səfər oyunu öncəsi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu liqa matçı bizim üçün vacib idi. Çünki Avropa Kubokunda keçirəcəyimiz səfər qarşılaşmasına qələbə ilə yollanmaq istəyirdik. Uğurlu nəticə komandamıza əlavə motivasiya verəcəkdi. Bununla belə, biz peşəkar komandayıq. Özümüzü toparlamalı və növbəti oyunlara ciddi hazırlaşmalıyıq”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən “Naxçıvan” - “Gəncə” qarşılaşması 72:70 hesabı ilə başa çatıb.

İdman.Biz