Noyabrın 24-də Zirə qəsəbəsi 120 saylı tam orta məktəbin dəstəyi ilə “İdman hamı üçün” devizi altında badminton idman növü üzrə nümunəvi çıxışlar təşkil edilib.
İdman.biz-in məlumatına görə, tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru ilə Azərbaycan Badminton Fedarasiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbir BŞGİİ-nin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, Azərbaycan Badminton Federasiyasının marketinq meneceri Aydan Məmmədhəsənova və 120 saylı tam orta məktəbin direktoru Nazilə Məmmədovanın çıxışları ilə start götürüb.
Məşqçi Kərim Musayevin rəhbərliyi altında məktəblilərə məşq keçirilib. Tədbirin keçirilməsində məqsəd, yeniyetmə və gənclər arasında badminton idman növünün təbliği, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Yekunda iştirakçılara Azərbaycan Badminton Federasiyası tərəfindən hədiyyələr təqdim olunub.
İdman.biz