Azərbaycan badmintonçusu: “Paris-2024-də iştirak şansım 95 faizdir” - MÜSAHİBƏ

Müsahibə
8 Noyabr 2023 14:51
221
Azərbaycan badmintonçusu: “Paris-2024-də iştirak şansım 95 faizdir” - MÜSAHİBƏ

Azərbaycan yığmasının badmintonçusu Edi Reski Dviçayonun İdman.biz saytına müsahibəsi

- Müəyyən müddətdir, Azərbaycan millisinin uğurları üçün çalışırsan. Ölkəmizə gəlişini necə xatırlayırsan?

- Azərbaycana 2017-ci ildə gəlmişəm. Həmin vaxt komanda Tokio-2020 Yay Olimpiya oyunlarında iştirak edəcək badmintonçuların axtarışında idi. Bu məqsədlə İndoneziyaya gəldilər və mənimlə danışdılar. Böyük sevinc və həyəcanla təklifi qəbul etdim. Bununla da həm Azərbaycanın, həm də öz arzularımı reallaşdırdım. Tokioda keçirilən Yay Olimpiya Oyunlarında iştirak etdim.

- Ölkəmizə gəlməmiş nələri araşdırdınız?

- O dönəmdə Azərbaycanla bağlı məlumatlar toplamaq üçün “Yutub” və “Google”də tez-tez axtarışlar aparırdım. Tapdığım məlumatlar çox xoşuma gəldi. Bu səbəbdən də qərar verməkdə tərəddüd etmədim.

- Azərbaycanda ən çox nələri bəyənirsən?

- Bura çox təmiz və müasirdir. Yeməklərinizi çox bəyənirəm. Seçim çoxdur, ləzzətli və ağız dadıma uyğun mətbəxiniz var. İnsanlarınız da istiqanlıdır.

- Başa çatmaqda olan ili özün üçün necə dəyərləndirirsən?

- Yaxşı nəticələr əldə etdiyim üçün özümdən razıyam. Səylə işləyib bunlara nail oluram. Bu günə qədər Azərbaycan Badminton Federasiyasının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyim üçün mənə dəstək olduqları və güvəndikləri üçün minnətdaram.

- 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya oyunlarında iştirak etmək şansların nə qədərdir?

- Elə əsas məqsədimiz Paris Yay Olimpiya oyunlarında iştirak etməkdir. Deyə bilərəm ki, bunun üçün şanslarım 95 faizdir. Hazırda reytinqdə 23-cü yerdəyəm.

- Əsas hədəflərin nələrdir?

- Sahib olduğum texnikanı maksimum dərəcədə artırmaq istəyirəm. Dünya reytinqində də üst sıralara yüksəlmək əsas məqsədlərimdəndir.

Emin Ağa

İdman.biz