“Şəfa”nın baş məşqçisi: “Bu heyətlə məqsədimizə çatacağımıza inanıram”

22 Avqust 2026 21:17
79
“Şəfa”nın baş məşqçisi: “Bu heyətlə məqsədimizə çatacağımıza inanıram”

“Şəfa” futbol komandası Misli Premyer Liqasının ikinci turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında nəticədən və futbolçularının çıxışından razı qaldığını bildirib.

“Qəbələdə oynamağın çətin olduğunu bilirdik. Rəqib də yaxşı komandadır. Matçın müəyyən hissələrində üstünlüyü onlara verdik, amma bu, normaldır. Biz də qol epizodları yaratdıq. Futbolçularımın çıxışından razı qaldım. Bu qələbəni klub rəhbərliyinə və bizi dəstəkləmək üçün Qəbələyə gələn azarkeşlərimizə həsr edirik”, - deyə Həşimov söyləyib.

Baş məşqçi komandanın mövsüm üçün əsas hədəfinin Premyer Liqada qalmaq olduğunu deyib:

“Komanda yenidir və heyət demək olar yenidən qurulub. Məqsədimiz Premyer Liqada qalmaqdır. 26 il əvvəlki “Şəfa” ilə indiki komandanı müqayisə etmək düzgün olmaz. Daha yaxşı və güclü olmalıyıq. İnanıram ki, bu heyətlə qarşımıza qoyulan minimum məqsədə çata bilərik”.

Həşimov yeni transferlərin gözlənilmədiyini də açıqlayıb:

“Transfer məsələsini bağlamışıq. Güclənmək deyəndə yeni futbolçuları yox, hazırkı heyətin inkişafını nəzərdə tuturam. Bəzi oyunçular komandaya cəmi bir neçə həftədir qoşulublar. Həm fiziki hazırlıq, həm də qarşılıqlı anlaşma baxımından daha yaxşı səviyyəyə çatmalıyıq”.

Mütəxəssis komandanın fiziki durumu ilə bağlı isə heyətdə balans yaratmağa çalışdıqlarını bildirib:

“Tam hazır olan futbolçularımız da var, hazırlığı istənilən səviyyədə olmayanlar da. Əvəzetmələri əvvəlcədən planlaşdıraraq balansı qorumağa çalışdıq”.

İdman.Biz