“Turan Tovuz”un yeni transferi Coş Cinnelli Azərbaycan Premyer Liqasının 18-ci turunda komandanın heyətində debüt edib.
İdman.Biz bildirir ki, Cinnelli ilk matçında “Qarabağ”a qarşı oyuna çıxıb. İlk matçından sonra Sportnet.az-a danışan futbolçu qarşılaşma, debüt həyəcanı, komandanın avrokubok hədəfləri və fiziki durumu ilə bağlı fikirlərini bölüşüb.
– “Qarabağ”la qarşılaşmada “Turan Tovuz”un heyətində ilk dəfə meydana çıxdınız. Debüt oyununuzu necə dəyərləndirirsiniz?
– Bəli, bu, mənim komandadakı ilk oyunum idi. Azarkeşlərimizi sevindirəcək nəticə əldə etmək istəyirdik. Təəssüf ki, ilk hissənin sonlarına yaxın hesabda geri düşdük. Oyunun sonunda isə heç olmasa, bir xal qazanmağa çalışsaq da, buna nail ola bilmədik.
– Debütünüz güclü rəqib olan “Qarabağ”a qarşı oldu. Bu komanda barədə əvvəlcədən nə qədər məlumatınız var idi?
– “Qarabağ”ın gücünü yaxşı bilirdim. Bu görüşdə də onların imkanlarını meydanda açıq şəkildə gördük. Düşünürəm ki, xal qazanmaq üçün şanslarımız var idi. Amma nəticə istədiyimiz kimi olmadı.
– Sizcə, müsbət nəticə üçün komandaya nə çatışmadı?
– Futbol xırda detallar üzərində qurulan oyundur. Kənardan baxanda hər şey sadə görünə bilər, amma meydanda fərqlidir. Son dəqiqələrdə imkanlarımız yarandı, lakin rəqib qapıçı həlledici epizodlarda yaxşı çıxış etdi.
– Bu məğlubiyyət “Turan Tovuz”un avrokuboklar hədəfinə necə təsir göstərə bilər?
– “Qarabağ”la oyunda xal itirsək də, mövsüm hələ davam edir. Qarşıda kifayət qədər oyun var və növbəti qarşılaşmalarda vəziyyəti öz xeyrimizə dəyişməyə çalışacağıq. Azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağımıza inanıram.
– Fiziki baxımdan tam hazır olmaq üçün sizə nə qədər vaxt lazımdır?
– Hər gün daha yaxşı olmaq üçün çalışıram, məşqlərdə maksimum gücümü qoyuram. Bir az zamana ehtiyac var. İnşallah, yaxın vaxtlarda daha yaxşı formada olacağam və bunu hamı görəcək.
