“Çox inamlı və stabil çıxış edirik. Burda həm komandnaın yaxşı çalışması, həm məşqçilərin düzgün və uğurlu taktikası sözünü deyir. Lakin hələ yolun yarışındayıq. Qarşıda uzun marafon var”.
İdman.Biz bildirir ki, bu sözləri I Liqada çıxış edən “Şəfa” klubunun cinah oyunçusu İsmayıl Zülfüqarlı deyib.
“Şəfa” I Liqada 12 turdan sonra 30 xalla liderdir.
Oyunçu Futbolpress.az-a müsahibəsində klubunun çempionluq şanslarına toxunub: “Düzü, hələ çempionluq haqda danışmaq tezdir. Qarşıda hər komandayla iki oyunumuz var. Onunçün xal fərqi olsa da, nəsə demək çətindir. Hədəfimiz çempionluqdur və bu məqsəd uğrunda davam edəcəyik”.
Daha əvvəl Premyer Liqada “Turan Tovuz”, “Neftçi” kimi klublarda çıxış edən İsmayıl “Şəfa”nın elitaya yüksələcəyi halda, klubda qalacağını dedi: “Çempion olsaq, düşünürəm ki, burda qalacağam. Komandanın planları, layihəsi xoşuma gəlir”.
Azərbaycanın U-21 yığmasında 10 oyuna çıxan Zülfüqarlı əsas millidən də dəvət gözlədiyini bildirdi: “Şəfa”ya gəlmək qərarı asan olmadı. Çünki Premyer Liqa ilə I Liqa arasında fərq var. Amma daha çox oynamaq istəyirdim və bu səbəbdən seçimimi belə etdim. Baxın, Premyer Liqada indi tək-tük yerli oyunçular meydanda olur. Düzü, mənim bu qədər ehtiyatda qalmağa səbrim çatmazdı. Milli komandada olmağa hazıram. İnşallah, ötən il olduğu kimi bu il də I Liqadan yığmaya oyunçular dəvət alar. Çünki bu çempionatın səviyyəsi çox qalxıb”.
