Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədovun İdman.biz saytına müsahibəsi
- Azərbaycan millisi ilə müqaviləniz yenilənməyəcək. Son 3 ildə Canni de Byazi ilə birlikdə çalışırdınız. İntizam Komitəsinin italiyalı ilə müqavilənin artırılmaması qərarına reaksiyanız necə oldu?
- Onunla münasibətlərimiz yüksək səviyyədə idi. Təbii ki, De Byazinin getməsinə üzüldüm. Onun özü də komandada gördüyü işləri davam etdirmək istəyirdi. Lakin futbol belədir. Məşqçi bu gün burda, sabah isə başqa yerdə olur. Bu baxımdan italiyalının gedişini təbii qarşıladım. Hər bir baş məşqçi də olduğu kimi bu proses onda da, bu cür davam etdi. De Byazinin müqaviləsinin uzadılmamasının bir çox səbəbləri var. Bu səbəblər barədə isə danışmaq istəmirəm. Ancaq onun qalmasını və işlərimizə birlikdə davam etmək istəyərdim.
- Bəs bundan sonra Azərbaycan yığmasına yerli, yoxsa əcnəbi məşqçi başçılıq etməlidir?
- Yığmamıza yerli məşqçinin başçılıq etməsini istəyərdim. Çünki artıq üç-dörd ildir ki, yığmada fəaliyyət göstərirəm və görürəm ki, əcnəbi baş məşqçilər fəaliyyətlərinə başladıqları zaman futbolçuları tanımaq baxımından çətinlik çəkirlər. Canni de Byazinin özü bu baxımdan iki-üç il əziyyət çəkdi. Məhz mental baxımdan yığmamıza yerli məşqçinin başçılıq etməsi daha yaxşı olar. Bu məsələ ilə bağlı AFFA-nın düzgün qərar verəcəyinə inanıram.
- Dediklərinizdən bu posta iddia etdiyiniz məlum olur. Millinin baş məşqçi vəzifəsini sizə həvalə etsələr razılaşarsınız?
- Bu vəzifə mənə verilsə, illərdir yığmanın içərisində olan azərbaycanlı məşqçi kimi canla-başla çalışardım və başladığımız işi davam etdirərdim. Hər bir məşqçi üçün öz əsas komandanı çalışdırmaq fəxr hissidir. Əgər baş məşqçi vəzifəsinə məni məsləhət bilsələr, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- AFFA ilə müqaviləniz gələn il martın sonunda başa çatır. Yığmadan təklif olmasa, qarşıdakı planlarınız nələrdir?
- Hazırda durğunluq dövrüdür. Gözləyirik ki, qarşıda nə olacaq. Bu baxımdan yığma ilə müqaviləm davam edir və çalışıram ki, əvvəldə olduğu kimi bütün oyunlarda iştirak edim. Bütün məsələlərə nöqtə qoyulandan sonra hər hansısa bir plan barədə fikirləşəcəm.
Banuçiçək Hüseynli
İdman.biz