“Azərbaycan idmanının görkəmli şəxslərinin bu şəkildə təbliğ edilməsi sevindirici haldır. Bu, birbaşa Gənclər və İdman Nazirliyinin hansı səviyyədə və keyfiyyətdə iş apardığının göstəricisidir”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan güləşçisi Rafiq Hüseynov “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmini dəyərləndirərkən deyib.
Dünya çempionumuz Qurban Qurbanovu şəxsən tanıdığı üçün özünü şanslı insanlardan hesab etdiyini vurğulayıb: “O, keşməkeşli həyat yolunda futbolumuzu bu səviyyəyə gətirib çıxardı. Azərbaycan futbolunun bəxti gətirib ki, Qurban Qurbanov kimi şəxsiyyət və məşqçi var. Fikirləşirəm ki, bundan böyük uğurlar olacaq. Azərbaycan idmançıları haqqında çəkiləsi çox film var. Əlbəttə ki, güləş idmanı barədə də çəkilsə daha maraqlı olar”.
Qeyd edək ki, film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Emin Ağa
İdman.biz