“Azərbaycanın futbol millisi AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi oyunların pis və yaxşı cəhətləri oldu. Pis cəhət ondan ibarətdir ki, komanda bu il stabil oyun nümayiş etdirmədi”.
Bunu İdman.biz saytına AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Azərbaycan millisinin sabiq baş məşqçisi futbol sahəsində inkişaf haqqında düşünməli olduğumuzu bildirib. Mircavadov ölkəmizdə hər şeyin bir matç üçün nəzərdə tutulmasına təəssüflənib: “Lakin komandanın oyunu ardıcıl olmalıdır. Bu, təbii ki, baş məşqçinin planından aslıdır”.
O, Azərbaycan futbolunun son 10 ilini analiz etməyin vacib olduğunu açıqlayıb: “Hazırda futbol sahəsində oyunçular üçün hər bir şərait yaradılıb. Vəziyyət 1995-1998-ci illərdəki kimi deyil, şərait yaradılıb. Həmin vaxt geyinməyə futbolkamız belə yox idi. AFFA tərəfindən futbolun inkişafı üçün hər cür amil yaradılıb”.
76 yaşlı mütəxəssis Azərbaycan yığmasına əcnəbi yoxsa yerli məşqçinin başçılıq etməsi ilə bağlı suala da aydınlıq gətirib: “1994-cü ildən etibarən bütün müsahibələrimdə qeyd edirəm ki, futbol millimizə yerli məşqçilər başçılıq etməlidir”.
Qeyd edək ki, Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsini 7 xalla başa vurub. Komandamızın baş məşqçisi Canni de Byazi ilə isə müqavilə yenilənməyib və yollar ayrılıb.
Banuçiçək Hüseynli
İdman.biz