“Şahdağ Qusar”la oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çempionatın liderinə qarşı oynayacağıq. Rəqib hücumda inamlı, müdafiədə etibarlı oyunu ilə fərqlənir”.
Bu sözləri “Xankəndi” futbol komandasının baş məşqçisi Röyal Nəcəfov deyib.
Gənc mütəxəssis Birinci Liqanın beşinci turunda “Şahdağ Qusar”a qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
“Dörd oyunda dörd qələbə qazanmaqla turnir cədvəlinə zirvəsində qərarlaşıblar. Liderin oyununu ətraflı təhlil etmişdik, güclü və zəif tərəflərini müəyyənləşdirmişdik. Bütün bunları futbolçulara düzgün şəkildə çatdıra bildik. Onlar da verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışdılar. Xüsusi hazırlaşdığımızı deməzdim. Hər bir komandaya qarşı eyni qaydada, ciddi və məsuliyyətlə yanaşırıq. Rəqibin adından asılı olmayaraq, hər oyuna qələbə qazanmaq məqsədilə çıxırıq. Fikrimcə, apardığımız təhlil uğurlu alındı və bunun nəticəsini meydanda görə bildik. Sizin vasitənizlə azarkeşləri və klub rəhbərliyini təbrik edirəm. Bu qələbədə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Məsuliyyətimizin fərqindəyik və qarşımıza qoyulan hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. İstəyimiz “Xankəndi”ni layiq olduğu yerə çıxarmaq, uğurlu nəticələr qazanmaq və azarkeşlərimizi sevindirməkdir. Bunun üçün çalışmağa davam edəcəyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Xankəndi” Birinci Liqada beş xalla yeddinci pillədə qərarlaşıb.
