“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının yeddinci turunda “Araz-Naxçıvan” üzərində səfərdə qazanılan 2:0 hesablı qələbəyə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında azarkeşlərə təşəkkür edib və heyətdəki itkilərə baxmayaraq, komandasının vacib nəticə qazandığını vurğulayıb.
“İlk növbədə bizi dəstəkləmək üçün uzun yol qət edən azarkeşlərimizə təşəkkür edirəm. Futbolçulara da minnətdaram. Çox vacib qələbə qazandıq. Heyətdə müəyyən itkilərimiz var idi, lakin şans qazanan oyunçular etimadı tam doğrultdular. Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Xüsusilə rəqibdə baş məşqçi dəyişikliyi olmuşdu. Belə dəyişiklik adətən komandaya əlavə stimul verir. Buna baxmayaraq, futbolçularım bütün tapşırıqları dəqiq yerinə yetirdilər. Oyun çox dinamik keçmədi, amma əsas nəticə idi və biz buna nail olduq”.
Məmmədov komandanın uğurunda ayrı-ayrı futbolçuların fərdi bacarığından daha çox kollektiv oyunun əhəmiyyət daşıdığını bildirib:
“Bəzi futbolçuların fərdi üstünlükləri var. Amma uğur qazanmaq istəyiriksə, komanda birliyi birinci yerdə olmalıdır. Biz məşhur adlara deyil, kollektiv ruha əsaslanan komanda yaratmağa çalışırıq. Əsas məsələ vahid komanda kimi mübarizə aparmaqdır”.
Baş məşqçi Namik Ələskərovla Rəhman Hacıyevin eyni vaxtda meydanda olması ehtimalına da toxunub:
“Bu, tamamilə mümkündür. Hazırda əsas məqsədimiz optimal heyəti müəyyənləşdirməkdir. Namik, Rəhman və Azuma Abubakar birlikdə oynaya bilərlər. Heç kim şanssız qalmayacaq, hər futbolçuya özünü göstərmək imkanı veriləcək”.
Qələbədən sonra xallarını 10-a çatdıran “Kəpəz” növbəti turda eyni xala malik “Zirə”ni Gəncədə qəbul edəcək.
“Bizim üçün Premyer Liqada hər xal altı xal dəyərindədir. Klubun müəyyən büdcəsi var və komandanı maliyyə imkanlarımıza uyğun formalaşdırmışıq. Buna görə də hər müsbət nəticə bizim üçün çox vacibdir. Qarşıda “Zirə” ilə ağır ev oyunu var. Ümid edirəm ki, Gəncədə azarkeşlərimizə yaxşı oyun göstərib növbəti xalları qazanacağıq”, - deyə Məmmədov bildirib.
