“Güclü rəqibə qarşı, onların meydanında keçiriləcək bir oyun olacaq”.
Bunu “Şamaxı”nın qapıçısı Rikardo Fernandes sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Milli komandaların oyunlarına görə çempionata fasilə verilmişdi. Fasilədən necə istifadə etdiniz?
- Bir az dincəlmək və ardıcıl oyunların olduğu həftələrdə çox vaxt ayıra bilmədiyimiz fiziki hazırlıq məsələləri üzərində işləmək sarıdan yaxşı oldu. Məşqlərimizə davam etdik.
- Sizcə, bu fasilə “Şamaxı” üçün yaxşı idi, yoxsa pis?
- Belə fasilələr hər il olur. Bu, gələcək çıxışların yaxşı və ya pis olacağı anlamına gəlmir. Amma məncə, bu, müsbət haldır. Özü də, bizim komandadan Azərbaycan əsas milli komandasına, U-21 yığmasına və Benin milli komandasına dəvət olunanlar var idi. Bu qədər oyunçunun milli komandalara getməsi onu göstərir ki, biz düzgün iş görürük.
- Azərbaycan milli komandasının oyunlarına baxdınız? Sabiq baş məşqçiniz Ayxan Abbasovu təbrik etmisiniz? Azərbaycan millisi Litva yığmasını məğlub edə bildi...
- Əlbəttə ki, Azərbaycan millisinin oyunlarını izlədim. Amma Ayxan Abbasovla danışmamışam. Nəticələr onun işinin göstəricisidir. O, həqiqətən də əla məşqçidir və mükəmməl iş görür. Bu, daha yüksək qiymətləndirilməlidir.
- Bəs, komanda yoldaşlarınız Oruc Məmmədov və Edqar Adilxanov haqda nə düşünürsünüz?
- Onlar Azərbaycan milli komandasının gələcəyidir. Bura Rüfət Abbasovu və U-21 yığmasında çıxış edən Emin Rüstəmovu da əlavə edirəm. Emin komandanın liderinə çevrilə bilər. Çünki o, böyük inkişaf yolu keçir. Oruc və Edqara gəldikdə isə, onların əldə etdiyi uğurları görmək məni çox sevindirir. Hamısı çox yaxşı uşaqlardır və daim təkmilləşmək üzərində işləyirlər. Belə davam etsələr, onları yalnız uğurlar gözləyir.
- “Şamaxı” 6 turdan sonra 6-cı pillədədir. Bunu uğurlu hesab edirsiniz?
- Turnir cədvəlindəki mövqe barədə danışmaq hələ tezdir. Çempionat yeni başlayıb. Uğurlar yalnız may ayında qiymətləndirilir.
- “Şamaxı” növbəti turda “Zirə” ilə qarşılaşacaq. Rəqib və görüş haqda nə düşünürsünüz?
- Güclü rəqibə qarşı, onların meydanında keçiriləcək bir oyun olacaq. Biz yenə də nəticə uğrunda mübarizə aparan komanda kimi çıxış etmək və mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik.
