"Sumqayıt"ın baş məşqçisi: "Sanki yarışa sonuncu yerdən başlamışıq"

31 Avqust 2026 23:58
89
"Sumqayıt"ın baş məşqçisi: "Sanki yarışa sonuncu yerdən başlamışıq"

"Sumqayıt"ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının üçüncu turunda "Qarabağ"a məğlubiyyəti (0:1) şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis nəticədən narazı qaldığını, lakin komandasının oyununda irəliləyiş gördüyünü bildirib:

"Nəticədən narazıyam, uduzduq, lakin deməliyəm ki, 11-in 11-ə oynadığımız vaxtlarda komanda yaxşı futbol nümayiş etdirirdi. Kadi Borgesin qırmızı vərəqə almasından sonra da imkanlarımız oldu, baxmayaraq ki, "Qarabağ" da oyunçularının fərdi ustalıqları hesabına təhlükəli vəziyyətlər yaradırdı. Bura gəldiyim ilk gündəki vəziyyətlə indikini müqayisə etsək, oyun baxımından irəliləyiş görürəm. İkinci yarıda komanda cəsarət göstərdi, yüksək presinq etdi və qol epizodları yaratdı, sadəcə, bunlardan istifadə edə bilmədik. Baş məşqçi kimi mənim üçün ən vacibi kollektivin oyundan-oyuna inkişaf etməsidir".

"Sumqayıt"ın çalışdırıcısı azarkeşlərin onun qurmaq istədiyi komandanı nə vaxt görə biləcəyi ilə bağlı sualı da cavablandırıb:

"Mən vaxt barədə danışmağı sevmirəm. Məsələn, bir və ya iki aydan sonra demək düzgün olmazdı. "Formula-1" ilə müqayisə etsək, sanki yarışa sonuncu yerdən başlamışıq. Amma əminəm ki, mövsümün sonunadək hər bir rəqiblə mübarizə apara biləcək, yaxşı oynayacaq və "Qarabağ" kimi güclü komandalarla matçlarda qələbə qazanacaq bir kollektiv quracağıq. Mövsüm ərzində bunu herkes görəcək".

Kandido heyətlə bağlı vəziyyətə, xüsusən də Masaki Muratanın "Sumqayıt"la məşq etməsinə baxmayaraq sifariş ərizəsində yer almamasına da aydınlıq gətirib:

"Hazırda komanda formalaşma prosesindədir, transfer pəncərəsinin bağlanmasına isə az vaxt qalır, buna görə de dəyişikliklər olacaq. Biz müxtəlif xüsusiyyətlərə malik oyunçular axtarırıq. Bundan əlavə, 12 legioner limiti var və bizim kimi kimisə dərhal siyahıya salıb, sonra dəyişmək riskinə gedəcək dəbdəbəmiz yoxdur. Transfer pəncərəsi bağlandıqdan sonra meydanda tam formalaşmış heyət görəcəksiniz".

"Sumqayıt"ın baş məşqçisi klub rəhbərliyi tərəfindən qarşıya qoyulan tapşırıqlardan da danışıb:

"Əlbəttə, bir məşqçi kimi hər matçda qələbə qazanmaq istəyirəm. Rəhbərliklə ilk görüşdən əsas mövzumuz keçən illə müqayisədə daha yaxşı nəticə göstərmək olub. Qarşımıza çempion olmaq və ya avrokuboklara vəsiqə qazanmaq kimi konkret tapşırıq qoyulmayıb. Məqsədimiz addım-addım inkişaf edəcək, gələcək üçün güclü bir komanda qurmaqdır".

İdman.Biz