Ukraynanın “Dinamo” (Kiyev) futbol komandasının sabiq hücumçusu Artem Kravets Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, keçmiş futbolçu yerli mediaya açıqlamasında Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsinə baxmayaraq, komandanın xüsusilə müdafiədəki çıxışını sərt tənqid edib.
Kravets bildirib ki, oyundan dərhal sonra təəssüratları daha müsbət olub, lakin epizodlara yenidən baxdıqdan sonra fikri dəyişib:
“Bu elə hallardan biridir ki, oyundan sonra beynimdə daha çox pozitiv fikir var idi. Amma epizodlara və səhvlərə yenidən baxanda pozitivlik azaldı. Məncə, bu oyunda “Qarabağ” bizi bir qədər bağışladı”.
Kravets “Dinamo”nun müdafiədə buraxdığı səhvlərin sistemli xarakter daşıdığını düşünür:
“Səhvlər kifayət qədərdir. Açığı, baş verənlər taktiki mənada cəfəngiyyatdır. Müdafiə oyununda heç kim bir həftəyə heç nəyi dəyişə bilməz”.
Kiyev klubunun sabiq hücumçusu “Dinamo”nun mərhələni keçəcəyinə də əmin olmadığını deyib:
“Dinamo”nun növbəti mərhələyə keçəcəyinə çox böyük şübhələrim var. Əlbəttə, azarkeşlik edəcəyik, yaxşı nəticəyə ümid bəsləyəcəyik, amma validol hazırlayın”.
Kravetsin fikrincə, Bakıdakı cavab qarşılaşması Kiyev təmsilçisi üçün daha çətin olacaq və ilk oyundakı minimal üstünlük cütün taleyinin həll olunduğu anlamına gəlmir.
Qeyd edək ki, ilk görüşdə “Dinamo” “Qarabağ”ı Matvey Ponomarenkonun 10-cu dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması 13 avqust, saat 20:00-da Bakıda keçiriləcək.
