“Qəbələ”nin prezidenti: “Baş məşqçi bizi əmin etdi ki, komandanı Premyer Liqada saxlayacaq” - MÜSAHİBƏ

Müsahibə
7 Yanvar 2026 14:36
72
“Qəbələ”nin prezidenti: “Baş məşqçi bizi əmin etdi ki, komandanı Premyer Liqada saxlayacaq” - MÜSAHİBƏ

“Bu suala komandamızın baş məşqçisi daha dolğun cavab verə bilər. Sadəcə, görünən odur ki, ehtiyat oyunçular skamyamız geniş deyil”.

Bunu “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Qəbələ"nin mövsümün ilk hissəsindəki çıxışını necə şərh edərdiniz?

- “Qəbələ” 1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıtdı. Bilirdik ki, qayıtmaqdan da çətini güclülər dəstəsində yerimizi qorumaq olacaq. Komandanın qarşısına Premyer Liqada qalmaq və mümkün qədər üst pillələrə qalxmaq tapşırığı qoyulub. “Qəbələ” hazırda çempionatda ən çox gənc və yerli futbolçu oynadan komandadır. Əksər görüşlərdə komandamız meydana akademiya yetirməsi olan 5-6 futbolçu ilə çıxıb. Bəzi oyunlarda 3 xal qazanmaq üçün məhz təcrübə çatmadı. Qış fasiləsinə kimi xal itkilərimiz çox olsa da, komandanın göstərdiyi oyun, bir çox görüşlərdə ortaya qoyulan əzmkarlıq gələcəyə ümidlə baxmağa əsas verir. Əlbəttə, istərdik ki, qış fasiləsinə daha yüksək pillələrdə yollanaq. “Qəbələ” hazırda turnir cədvəlində layiq olduğu yerdə deyil. İnanıram ki, fasilədən sonra komandamız uğurlu nəticələri ilə azarkeşləri sevindirəcək və turnir cədvəlində də daha yüksək yerdə olacaq.

- Sizcə, komandada hansı çatışmazlıqlar var?

- Bu suala komandamızın baş məşqçisi daha dolğun cavab verə bilər. Sadəcə, görünən odur ki, ehtiyat oyunçular skamyamız geniş deyil. Bu səbəbdən də qış fasiləsində heyətə yeni futbolçular cəlb etməyi düşünürük.

- Qış fasiləsində hansı dəyişiklikləri etməyi düşünürsünüz? Hazırda neçə futbolçu ilə danışıqlar gedir? Sirr deyilsə, adlarını deyə bilərsiniz?

- Artıq bir futbolçu ilə müqavilə bağlamışıq. Bu, təcrübəli mərkəz müdafiəçisi Seydina Keytadır. Danışıq apardığımız başqa futbolçular da var. Heyətə daha 3–4 futbolçunun cəlb olunması nəzərdə tutulur. Transferlər rəsmiləşəndə bu barədə ictimaiyyətə məlumat veriləcək.

- Sizcə, baş məşqçi Kaxaber Tsxadadze komandanı Premyer Liqada saxlaya biləcək? Ümumiyyətlə, onun qış fasiləsinədək olan işindən razısınız?

- Kaxaber Tsxadadze böyük təcrübəyə malik mütəxəssisdir. Gürcüstan millisinin baş məşqçisi olub, “Kayrat”, “Ordabası” kimi klublarda işləyib. Bildiyiniz kimi, uzun illər Azərbaycan klublarında da fəaliyyət göstərib, ona görə bizim futbola da yaxşı bələddir. Baş məşqçimizlə görüşümüz oldu və o da bizi əmin etdi ki, komandanı Premyer Liqada saxlayacaq. Biz də öz növbəmizdə baş məşqçiyə tam şəkildə etimad göstərir və güvənirik.

- Ötən mövsüm akademiyanın fəaliyyətinin məhdudlaşdırılması futbol ictimaiyyətində məyusluq yaratdı. Yeni ildən və ya növbəti mövsümdən bu istiqamətdə hər hansı müsbət dəyişiklik gözlənilir?

- Təbii ki, biz də istəməzdik ki, akademiyanın fəaliyyətini məhdudlaşdıraq. Premyer Liqa klublarının heyətlərindəki yerli futbolçulara diqqət yetirsək, görərik ki, onların 90 faizi məhz “Qəbələ”nin akademiyasından çıxıb. Uzun illər akademiyamız ölkədə ən yaxşılardan olub, aşağı yaş qruplarından ibarət komandalarımız dünyanın müxtəlif ölkələrində beynəlxalq turnirlərdə iştirak ediblər. Sadəcə, ötən il maliyyə vəziyyətinə görə akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Ümid edirdik ki, Əvəzedicilər Liqası ləğv olunacaq və orada çıxış edən komandaya sərf olunan vəsaiti akademiyaya yönəldə biləcəyik. Lakin bu baş vermədi. Bundan başqa, legioner limitinin ləğvi də yerli futbolçulara olan tələbatın azalmasına gətirib çıxardı. Əvvəllər gənc futbolçuların satışından əldə etdiyimiz vəsait hesabına akademiyanın büdcəsini formalaşdırırdıq. Lakin legioner limitinin ləğvindən sonra artıq yerli, gənc oyunçulara tələbat demək olar ki, yoxdur. Bütün bu səbəblərdən akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Hazırda bu istiqamətdə hər hansı dəyişiklik nəzərdə tutulmur.

- Əvvəlki illərdə həm yerli, həm də bəzi əcnəbi klublar Qəbələdə təlim-məşq toplanışı keçirdi. Bu, maliyyə baxımından kluba müəyyən qədər fayda verirdi. Toplanış üçün “Qəbələ”yə yerli və ya xarici klublardan müraciətlər olurmu?

- Qəbələdə adətən yay aylarında həm yerli, həm də əcnəbi klublar təlim-məşq toplanışı keçirlər. Bunun üçün stadionumuzda hər bir şərait var və bir neçə komanda eyni anda məşq edə bilir. Qış aylarında isə Qəbələdə hava soyuq olur, çox vaxt güclü qar yağır. Bu baxımdan, qış fasiləsində digər klubların gəlib burada təlim-məşq toplanışı keçməsi mümkün olmur.

İdman.Biz