“Yenidən dünya çempionu olmaq çox qiymətlidir. Deməli, səviyyəmi aşağı salmamışam”.
Bunu Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatında qıqızl medal qazanan Azərbaycan millisinin yunan-Roma güləşçisi fanat.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Bu günlərdə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan komandasında yeganə qızıl medalı qazandın. Digərlərinin rəqibləri çox güclü idi?
- Əvvəla, çox sevinirəm ki, dünya çempionatında qalib gəldim. Əlbəttə, çox istərdim ki, komanda yoldaşlarım da "qızıl" qazansınlar, əziyyətləri yerdə qalmasın. Görünür, ən yüksək əyarlı medal mənim qismətimdə imiş. Güləşlə az-çox maraqlananlar bilir ki, 72 kiloqram ağır çəkidir. Bu çəkidə güləşdiyim üçün demirəm, həqiqətən də ən rəqabətli çəki “72”-dir.
- Dünya çempionatında 3 final güləşmisən. Onlardan ikisində baş mükafata sahib çıxmısan. Özü də ardıcıl olaraq. İkiqat dünya çempionluğu sənin üçün nə deməkdir?
- Yenidən dünya çempionu olmaq çox qiymətlidir. Deməli, səviyyəmi aşağı salmamışam. Çalışıram titulların sayını artırım. Hədəfim dünya və Avropa çempionatlarında qalib olmaqdır.
- Gələn mövsüm üçün planların nədən ibarətdir?
- Qarşıda məni yenə dünya və qitə çempionatları gözləyir. Bu dəfə hər iki yarışda baş mükafatı qazanmağı qarşıma məqsəd qoymuşam.
- Ülvü, Xorvatiyanın paytaxtındakı uğur güləş tariximizdə yer alacaq. Lakin tam fərqli və böyük sınaq meydanı da var. Bu, olimpiya oyunlarıdır. Hazırda çıxış etdiyin 72 kiloqram çəki olimpiya dərəcəsi deyil. 77 kiloqrama keçmək barədə nə düşünürsən?
- (gülür) Mənə bu sualı Xorvatiyada da verdilər. Demişdim düşünəcəyəm. Hazırda bu barədə qərar verməmişəm. Yeni qayıtmışıq, hazırda istirahət edirəm və bu çempionluğun dadını çıxarmaq istəyirəm. Məşqlərə qayıtdıqdan sonra bunun üzərində fikirləşəcəyəm.
- Sənin üçün qarşıdakı daha iki DÇ-də də qalib gəlib dördqat dünya çempionluğu qazanmaq, yəni bol mükafatlar, maddiyat, yoxsa Los Anceles-2028-də iştirak daha önəmlidir?
- Əlbəttə ki, titullarımın sayını artırmaq da önəmlidir. Ancaq hər bir idmançı kimi mənim də arzum olimpiya oyunlarında iştirak etməkdir. Sadəcə, tərslikdən çəkim elə çəkidir ki, olimpiadaya düşmür. Nə o yanlıqdır, nə bu yanlıq. Yəni nə 67-yə düşür, nə 77-yə qalxır. Hətta mənə 81-82 kilo olmaq lazımdır. Gərək kütləni yığım ki, istədiyim çəkiyə "otura" bilim. Dediyim kimi, hələ bu barədə heç nə düşünmək istəmirəm.
- Qitə və dünya çempionatlarında qazandığın nailiyyətlərin hamısı Avropa ölkələrində baş verib. Gələn il dünya çempionatı Bəhreyndə keçiriləcək, yəni tam fərqli qitədə, iqlimdə, saat qurşağında. Uğur sıralamanın qırılmasından narahat deyilsən?
- Düzdür, çempionluqlarımın hamısı Avropa qitəsində olub. Amma növbəti dünya çempionatının Asiyada olacağı məni qətiyyən narahat etmir. Bu, bizim işimizdir. Şərtlərin dəyişməsi ciddi problem olmamalıdır. Hər şey hazırlıqdan və köklənməkdər asılıdır. Çalışacağam ki, yenə fərdi nailiyyət əldə edib. İnşallah, komandanın da qızıl medalları çox olar və Bəhreyndən də medalla qayıdarıq.