Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede, Dövlət Sərhəd Xidmətinin rəisi-müavini Abbas Xəlilov iştirak ediblər.
Mərasim xüsusi orkestrin müşayiəti ilə çempionatda iştirak edəcək ölkələrin paradı ilə başlayıb və arenaya Azərbaycan Bayrağı gətirilib. Ardınca Dövlət Himni səsləndirilərək, Hərbi İdman Şurasının bayrağı qaldırılıb.
Tədbiri giriş sözü ilə açan Vasileva Azərbaycanda güləş idman növünün qədim ənənələrə malik olduğunu bildirib. O qeyd edib ki, pəhləvanlarımızın uğurları cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Şvede Azərbaycanda hər sahədə inkişafın olduğunu deyib: “Təşkilatçılığı yüksək qiymətləndirirəm. Bu bizim üçün vacib amildir. Dünya çempionatda iştirak edəcək güləşçilərin mübarizə aparması üçün hər bir şərait var. Burada həm dostluq, həm də rəqabətin olacağına əminəm”.
Xəlilov isə Bakıda dünya çempionatını qəbul etməkdən məmnunluq ifadə edib. O bildirib ki, Prezident İlham Əliyevin idmana qayğısı nəticəsində ölkəmizdə bir çox beynəlxalq yarışlar təşkil olunur: “Dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi bizim üçün xüsusi məna kəsb edir. İdman özündə sülh, dostluq rəmzlərini əks etdirir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”.
Daha sonra dünya çempionatı açıq elan edilib.
Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.
Banuçiçək Hüseynli
İdman.biz