Fransa millisinin və PSJ-nin hücumçusu Dezire Due UEFA Millətlər Liqasında Türkiyəyə qarşı keçiriləcək oyunu buraxa bilər.
İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun İtaliya ilə qarşılaşmada (1:3) aldığı zədə səbəbindən noyabrın 15-də Bordoda meydana çıxması sual altındadır.
Due görüşün 69-cu dəqiqəsində italiyalı Davide Frattezinin dirsək zərbəsindən sonra ön dişlərindən birinin yerindən oynaması ilə nəticələnən xəsarət alıb. Ağzından qan gələn hücumçu oyunu davam etdirsə də, 77-ci dəqiqədə Senny Mayulu ilə əvəzlənib.
Epizod Fransa millisinin düşərgəsində ciddi narazılıq yaradıb. Görüşün rumıniyalı baş hakimi İştvan Kovaç Fratteziyə yalnız sarı vərəqə göstərib. Fransızlar isə rəqib futbolçunun meydandan qovulmalı olduğunu düşünüblər.
Adrien Rabio hakimə yaxınlaşaraq Frattezinin dirsəklə etdiyi hərəkəti təkrarlayıb və qərara etirazını bildirib. Bununla belə, Fransa millisinin məşqçilər korpusu hakimliklə bağlı ictimai açıqlama verməyib.
Due zədədən sonra stomatoloq müayinəsindən keçib. Onun Türkiyə ilə oyunda iştirakına dair yekun qərar hələ verilməyib.
