Flik Luis Enrikeni heç vaxt məğlub etməyib

18 Oktyabr 2026 18:45
121
Flik Luis Enrikeni heç vaxt məğlub etməyib

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasında PSJ-yə qarşı keçiriləcək görüşdə uğursuz seriyaya son qoymaq niyyətindədir.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis indiyədək Luis Enrikenin rəhbərlik etdiyi komandaları məğlub edə bilməyib.

Məşqçilər karyeraları ərzində iki dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların biri heç-heçə, digəri isə Enrikenin qələbəsi ilə yekunlaşıb.

İlk duel 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatına təsadüf edib. Həmin vaxt Flikin rəhbərlik etdiyi Almaniya millisi Luis Enrikenin çalışdırdığı İspaniya ilə 1:1 hesablı heç-heçə edib. Alvaro Morata 62-ci dəqiqədə hesabı açsa da, Niklas Füllkruq sona yeddi dəqiqə qalmış tarazlığı bərpa edib.

Mütəxəssislərin ikinci qarşılaşması ötən mövsüm Çempionlar Liqasında baş tutub. “Barselona” doğma meydanda PSJ-yə 1:2 hesabı ilə məğlub olub.

Həmin görüşdə Ferran Torres kataloniyalıları hesabda önə çıxarsa da, Senni Mayulu 38-ci dəqiqədə bərabərliyi təmin edib. Qonsalu Ramuş isə son dəqiqələrdə qələbə qolunu vurub.

İndi Flik üçüncü cəhddə Luis Enrikeni məğlub etməyə çalışacaq. Qarşılaşmanın əhəmiyyətini artıran digər məqam komandaların turnir cədvəlindəki vəziyyətidir. Hər iki klub ilk iki turdan sonra altı xal toplayıb.

Parisdə qazanılacaq qələbə “Barselona”ya Çempionlar Liqasının liderliyinə yüksəlmək imkanı verə bilər.

Qeyd edək ki, PSJ - “Barselona” qarşılaşması oktyabrın 20-də “Park de Prens” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü ingiltərəli hakim Maykl Oliver idarə edəcək.

İdman.Biz