“Mançester Yunayted”in sabiq baş məşqçisi Lui van Qal “Mançester Siti”nin maliyyə qaydalarını pozmasının 2016-cı ildə onun istefasına təsir göstərə biləcəyini düşünür.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməmələrinin onun klubdan ayrılmasında həlledici rol oynamış ola biləcəyini bildirib.
“Mənim üçün həmin vaxt Çempionlar Liqasına vəsiqə qazana bilməməyimiz, yəqin ki, “Mançester Yunayted”dən ayrılmağımda və bunun doğurduğu bütün nəticələrdə həlledici amil oldu. Tarixi geri qaytara bilmərəm. Hətta İngiltərə Futbol Assosiasiyası da bunu edə bilməz.
“Mançester Siti” ilə bağlı nə edilməlidir? Buna hakim qərar verməlidir”, - deyə van Qal bildirib.
Xatırladaq ki, “Mançester Siti” 2009–2018-ci illərdə İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinib.
2015/2016 mövsümündə “Mançester Siti” və “Mançester Yunayted” çempionatı eyni xalla başa vurublar. Lakin əlavə göstəricilərə görə rəqibini qabaqlayan “şəhərlilər” dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıblar.
