UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə liqa mərhələsinin ikinci turuna yekun vurulub. Fransa təmsilçisi PSJ turnir cədvəlinin liderliyinə yüksəlib.
İdman.Biz xəbər verir ki, Paris klubu ilk iki qarşılaşmasında qələbə qazanaraq altı xal toplayıb. Rəqib qapılarından on top keçirən və üç qol buraxan son çempion +7 top fərqi ilə birinci pillədə qərarlaşıb.
Daha səkkiz komanda - “Barselona”, “Aston Villa”, “Ştutqart”, “Liverpul”, “Sportinq”, “Arsenal”, “Real Madrid” və “Betis” də altı xal toplayıb.
Əlavə göstəricilərə əsasən, “Barselona” (9:2) ikinci, “Aston Villa” (9:2) üçüncü yerdədir. Sonrakı pillələrdə “Ştutqart” (6:1), “Liverpul” (8:4), “Sportinq” (5:1), “Arsenal” (4:0), “Real Madrid” (6:4) və “Betis” (6:4) qərarlaşıblar.
Beləliklə, iki turdan sonra doqquz komanda yüzfaizlik nəticəsini qoruyub.
Turnir cədvəlinin aşağı pillələrində isə Türkiyənin “Qalatasaray” klubu yer alıb. Hər iki görüşdə məğlub olan İstanbul təmsilçisi 2:7 top fərqi ilə 35-ci sıradadır.
Sonuncu - 36-cı pillədə isə Slovakiyanın “Slovan” komandası qərarlaşıb. Bratislava klubu da xal qazana bilməyib və 1:9 top fərqinə malikdir.
Azərbaycan təmsilçisi “Sabah” isə iki oyundan sonra üç xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, səkkiz turun yekununda ilk səkkiz yeri tutan komandalar birbaşa Çempionlar Liqasının səkkizdəbir finalına yüksələcəklər. 9-24-cü pillələrdə qərarlaşan klublar pley-off mərhələsində mübarizəni davam etdirəcək, qalan komandalar isə avrokuboklarla vidalaşacaqlar.
