PSJ-nin məşqçisi Luis Enrike oyun zamanı futbolçuların müstəqil düşünməsinin vacibliyini vurğulayaraq məşqçilik fəlsəfəsi barədə mülahizələrini bölüşüb.
İdman.Biz PSG TV-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məşqçinin vəzifəsinin davamlı göstərişlər vermək deyil, futbolçularda meydandakı vəziyyəti düzgün qiymətləndirmək bacarığını inkişaf etdirmək olduğunu düşünür.
"Mən davamlı olaraq göstərişlər verən və futbolçulara dəqiq nə etməli olduqlarını deyən məşqçi olmaq istəmirəm. Futbolçular oyunu anlamalıdırlar ki, hər an ən yaxşı qərarı qəbul edə bilsinlər. Bu, əsas məqamdır", - deyə Luis Enrike bildirib.
Parislilərin çalışdırıcısının sözlərinə görə, futbolçular yalnız məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməklə kifayətlənməməli, həm də təşəbbüs göstərməlidirlər.
"Onlar müstəqil şəkildə həll yolları tapmağı və oyun gedişində yaranan müxtəlif vəziyyətlərin öhdəsindən gəlməyi bacarmalıdırlar. Hər şeyi hər kəsin əvəzinə yalnız məşqçi həll etməməlidir. Biz birlikdə irəliləyirik", - deyə mütəxəssis vurğulayıb.
