Benin qapıçısı: “Messiyə qol hədiyyə etmək fikrində deyiləm”

5 Oktyabr 2026 18:38
95
Benin qapıçısı: “Messiyə qol hədiyyə etmək fikrində deyiləm”

Benin millisinin qapıçısı Marsel Dandjinu Argentina yığmasına qarşı keçirəcəkləri oyun və Lionel Messinin milli komandadakı son matçı ilə bağlı danışıb.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Dandjinu müsahibəsində bu qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bu matç mənim üçün digərləri kimi deyil. Düşünürəm ki, belə bir şey karyerada yalnız bir dəfə baş verir, çünki bu, Messinin son oyunudur. Bu, xüsusi oyundur. Amma unutmaq olmaz: bəli, biz buradayıq, çünki Argentina və Messi var, lakin biz həm də öz ölkəmizi təmsil edirik. Biz Benini müdafiə etməyə gəlmişik. Bu, futboldur: on birə qarşı on bir. Biz qalib gələ bilərik, heç-heçə edə bilərik və ya onlar qalib gələ bilərlər. Biz Argentinaya turist kimi deyil, oynamaq və mübarizə aparmaq üçün gəlmişik. Bu, həyatımızda böyük bir gün olacaq.

Son dəqiqədə Messi penalti vurarsa, necə hərəkət edəcəyəm? Xeyr, xeyr. Mən qapıçıyam və mənim vəzifəm zərbələri dəf etməkdir. Hətta son dəqiqədə penalti təyin olunsa və onu Messi yerinə yetirsə belə, mən qurtarmağa çalışacağam. Hər şey çox sadədir: bu, mənim işimdir. Bəli, biz buradayıq ki, Messini qeyd edək, lakin heç kim bizə deməyib ki, ona qol hədiyyə etməliyik. Mən bunu etmək fikrində deyiləm. Messini tanıyaraq düşünürəm ki, onun özünə heç bir hədiyyə lazım deyil. Əgər o, qol vurmaq istəyirsə, bunun üçün əlindən gələni etməli olacaq.

Biz Messi və Kriştianu Ronaldunu izləyərək böyümüşük. Onların hər ikisi bizə futbolda çox şey öyrədib. Onlar çox uzun müddət bir-biri ilə rəqabət aparıblar. Mənim üçün Leo idman tarixinin ən yaxşı oyunçularından biridir. Krallardan biridir.

Komandamızın hər hansı bir oyunçusundan soruşsanız, hamısı onun köynəyini əldə etmək istəyir. Çox yaxşı olardı ki, onlar çoxlu köynək hazırlayıb hərəsinə birini paylasınlar, çünki yalnız bir nəfər istəyə bilsə, bu, asan olmayacaq. Hamımız onu istəyirik!”

Argentina – Benin qarşılaşması Buenos-Ayresdə oktyabrın 7-nə keçən gecə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

İdman.Biz