Arteta, Alonso və İraolanı birləşdirən klub - FOTO

7 Sentyabr 2026 04:11
106
Arteta, Alonso və İraolanı birləşdirən klub - FOTO

Premyer Liqada çalışan Mikel Arteta, Xabi Alonso və Andoni İraolanın futbol yolunun eyni klubdan başladığı üzə çıxıb.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, “Arsenal”, “Çelsi” və “Liverpul”un baş məşqçiləri uşaqlıq illərində San-Sebastyanın “Antiguoko” klubunun akademiyasında yetişiblər. Arteta və İraola 1982-ci il, Alonso isə 1981-ci il təvəllüdlüdür. Buna baxmayaraq, hər üçü klubun aşağı yaş qruplarında eyni dövrdə çıxış edib və hətta birlikdə oynayıblar.

Onların ilk məşqçilərindən biri olmuş Roberto Montiel bildirib ki, üç futbolçunun da kiçik yaşlarından fərqli xüsusiyyətləri var idi. Onun sözlərinə görə, Arteta daha çox qələbə istəyi və lider xarakteri ilə seçilirdi, Alonso ötürmə keyfiyyəti və meydanda düzgün mövqe seçimi ilə diqqət çəkirdi, İraola isə cinahda yüksək texnikası ilə fərqlənirdi.

Montiel Artetanın hələ futbolçu olduğu dövrdə məşqçiliklə ciddi maraqlandığını da xatırladıb. O bildirib ki, Arteta “Everton” və “Arsenal”da çıxış etdiyi vaxtlarda belə “Antiguoko”nun oyunlarını izləyir, taktiki detalları müzakirə edirdi.

Alonso barədə danışan Montiel onun “Çelsi”də daha geniş səlahiyyət əldə etdiyini vurğulayıb. Keçmiş məşqçi hesab edir ki, ispaniyalı mütəxəssis “Real”da olduğu dövrdə bu qədər sərbəst deyildi.

İraolanın məşqçilik karyerası isə Montiel üçün daha gözlənilməz olub. O, vaxtilə cinah futbolçusu kimi çıxış edən yetirməsinin gələcəkdə məşqçi olacağını düşünmədiyini etiraf edib. Buna baxmayaraq, “Bornmut”dan “Liverpul”a keçən İraolanın xarakter və şəxsiyyət baxımından bu səviyyəyə hazır olduğunu bildirib.

İdman.Biz