“Real Madrid” Arnold barədə qərarını verdi

28 Avqust 2026 22:56
82
“Real Madrid” Arnold barədə qərarını verdi

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Trent Aleksander-Arnoldun komandadakı gələcəyi ilə bağlı qərar verdiyi bildirilir.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, ingiltərəli futbolçunun baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında La Liqada keçirilən son iki oyunda əsas heyətdə yer almaması onun gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Aleksander-Arnold ötən mövsüm İspaniya çempionatında 21 oyunda iştirak edib və 4 məhsuldar ötürmə verib. İki dəfə əzələ zədəsi alan futbolçunun çıxışı səbəbindən İngiltərə millisinin DÇ-2026 heyətinə də daxil edilmədiyi qeyd olunur.

Hazırda sağ cinah müdafiəçisi mövqeyində yeni transfer Denzel Dumfrisə üstünlük verən Mourinyo Aleksander-Arnoldun xidmətindən az istifadə edir. Buna baxmayaraq, klubun futbolçunu satmaq niyyətində olmadığı bildirilir.

Qeyd edək ki, Aleksander-Arnoldun “Real Madrid”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Onun İngiltərəyə qayıda biləcəyi və “Nyukasl”ın futbolçu ilə maraqlandığı barədə xəbərlər yayılsa da, Madrid klubunun belə bir keçidə hazırda müsbət yanaşmadığı vurğulanır.

İdman.Biz