AVF-nin prezidenti Bərdədə voleybol klubunun ilk məşqini izləyib - FOTO

Xəbərlər
25 Aprel 2024 16:02
AVF-nin prezidenti Bərdədə voleybol klubunun ilk məşqini izləyib - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) Gəncə Regional Voleybol Klubunda (RVK) hazırlıqlar davam edir.

İdman.biz xəbər verir ki, AVF-nin prezidenti Şahin Bağırov, Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Gəncə RVK-nın rəhbərliyi Bərdədə keçirilən ilk məşqi izləyiblər.

3 saylı tam orta məktəbin idman zalında təşkil olunan toplanışda qonaqlara bildirilib ki, rayon üzrə keçirilən seleksiyada ümumilikdə 250-dən çox qız və oğlan seçilib. Onlardan 35 nəfəri hazırkı məşqlərdə iştirak edir, digərləri növbəti məşqlərə cəlb olunacaqlar. Bu, Gəncə RVK-ya daxil olan bölgələrdən artıq 10-cu şəhərdir ki, eyni addım atılır.

Şahin Bağırov çıxış edərək paytaxtla yanaşı, digər bölgələrdə də voleybolun inkişafına ciddi diqqət yetirildiyini deyib. Onun sözlərinə görə, artıq bir sıra bölgələrdə regional voleybol klubları yaradılıb, müvafiq bölgələrdən seçilmiş, kriteriyalara uyğun gələn uşaq və yeniyetmələr cəlb olunub. Bağırov bu uşaqların gələcəkdə milli komandaların heyətində çıxış etməsi üçün lazımi şəraitin yaradıldığını, federasiyanın onlara hər zaman dəstək olacağını bildirib.

Federasiya prezidenti uşaqlara peşəkar voleybolçu olmaq, ölkəmizi gələcəkdə beynəlxalq arenalarda layiqincə təmsil edə bilmək üçün var gücləri ilə çalışmalarını, həmçinin dərslərinə də ciddi fikir vermələrini tövsiyə edib, onlara uğurlar arzulayıb.

Vidadi İsayev isə voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbrləri yüksək qiymətləndirib. Yaxın gələcəkdə ölkə voleybolunun qazanacağı uğurlarda bu bölgənin təmsilçilərinin də əməyinin olacağına əminliyini ifadə edib. O, öz növbəsində İcra Hakimiyyətinin Gəncə RVK-nın fəaliyyətinə və burada məşq keçən uşaqlara dəstək olacağını vurğulayıb.

İdman.biz