“Polina Rahimovanı əvəz edəcək gənc oyunçular yetişmir” - Ziya Rəcəbovun İDMAN.BİZ-ə AÇIQLAMASI

2 Sentyabr 2026 15:44
157
“Polina Rahimovanı əvəz edəcək gənc oyunçular yetişmir” - Ziya Rəcəbovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Qadın voleybol millimizin istər psixoloji, istərsə də fiziki baxımdan Avropa çempionatı üçün hazırlıq səviyyəsi yaxşı idi, ümumi nəticəni də qənaətbəxş hesab etmək olar, amma 1/8-də Türkiyəyə qarşı göstəricilərimiz zəif oldu, xüsusən birinci və ikinci setdə rəqiblə xal fərqimiz yetərincə böyük idi, daha yaxşı mübarizə aparmalı idik”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında qadın voleybolçularımızın son Avropa çempionatındakı nəticələrini qiymətləndirən qadın voleybol millimizin köməkçi məşqçisi Ziya Rəcəbov deyib.

İkinci dərəcəli beynəlxalq məşqçi olan Ziya Rəcəbov fikrinin davamında qeyd etdi ki, Faiq Qarayev millidə təmsil olunan istənilən voleybolçu ilə mütəmadi işləyir, onlara millinin məsuliyyəti, komanda ruhu aşılanır.

“İtaliya, Fransa kimi voleybol ölkələri də kənardan oyunçuları heyətlərinə cəlb edirlər. 1/8-də bizə rəqib olan Türkiyə millisinin dörd oyunçusu milliləşdirilib, bu, bütün dünyada qəbul edilmiş normadır, bundan narahat olmaq lazım deyil”.

Voleybolçumuz Polina Rəhimovanın milli karyerasını başa vurmasına münasibət bildirən Ziya Rəcəbov narahatlığa əsas olduğunu da gizlətmədi:

“Gənc voleybolçular arasında Polinanı əvəz edə biləcək idmançılar hələ yoxdur, ehtiyat oyunçular skamyası zəifdir, işləmək lazımdır. Valideynlərimizin voleybola münasibəti dəyişməlidir, qız övladlarını məşqlərə göndərməkdən ehtiyat etməməlidirlər, qeyd edim ki, hələ indi valideynlər mental baxımdan müəyyən qədər dəyişiblər”.

Ziya Rəcəbov aşağı yaş qruplarında yaxşı mütəxəssislərin olmamasına da toxundu.

Müsahibimiz qeyd etdi ki, uşaqlarla işləyən voleybol məşqçilərinə ehtiyac var və əgər lazımdırsa kənardan mütəxəssislər bu işə cəlb edilməlidirlər.

Xatırladaq ki, ötən gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı. Faiq Qarayevin baş məşqçisi olduğu milli komandamız 1/8 finalda Türkiyə hər üç setdə məğlub olub (25:14, 25:16, 25:22).

İdman.Biz