Azərbaycan Üzgüçülük Federasiyasında iclas keçirilib.
İdman.biz xəbər verir ki, toplantıda qurumun prezidenti Xanlar Fətiyev, idman direktoru, macarıstanlı mütəxəssis İvan Petrov, baş katib Fəxri Həsənov, onun müavini Tamerlan Abdullazadə, icraçı direktor Kamran Hüseynov, millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov ölkəmizdə su idman növlərinin, o cümlədən də üzgüçülüyün inkişaf konsepsiyasını müzakirə ediblər.
Federasiyanın prezidenti son illər üzgüçülüyün Azərbaycanda inkişaf etdiyini, bu idman növünə uşaq və gənclərin marağının xeyli artdığını vurğulayıb. O bildirib ki, bu gün milli komandamızın yerli idmançılardan təşkil olunması və onların beynəlxalq yarışlarda yüksək yerlər uğrunda mübarizə aparmaları, vətənimizə medallarla qayıtmaları işlərinin yüksələn xətt üzrə qurulmasından xəbər verir: “Bu gün Azərbaycanın bütün bölgələrində üzgüçülüklə aktiv məşğul olan yeniyetmələrimiz var. Gənclər və İdman Nazirliyi də bu idman növünə marağın və kütləviliyin artırılması istiqamətində federasiya ilə birgə müxtəlif yarışlar təşkil edir. Bütün bu atılan addımlar üzgüçülüyün inkişafında müsbət tendesiyanın formalaşmasına imkan verib”.
Macarıstanlı mütəxəssisin federasiyaya idman direktoru təyin olunduqdan sonra görülən işləri və onun fəaliyyətini müsbət qiymətləndirən Xanlar Fətiyev bundan sonra daha peşəkar yanaşma olmasını, həm idmançıların, həm də məşqçilərin kvalifikasiyalarının artırılmasında daha böyük səylə çalışmaq lazım olduğunu vurğulayıb.
O, gənc, perspektivli və bacarıqlı idmançıların üzə çıxarılmasında, onların yerlərdə, eləcə də regionlarda araşdırılaraq müəyyən edilməsində, milli komandanın tərkibinin peşəkar idmançılardan formalaşdırılmasında işlərin daha da gücləndirilməsi tapşırığını verib.
İdman.biz