Qalmaqalçı, xanıma hörmət etməyən və ya sınaq şüşəsini qıran çempion: “Dəyişmişəm, Oyunlara hazırlaşıram”

Təhlil
13 Sentyabr 2023 12:05
289
Qalmaqalçı, xanıma hörmət etməyən və ya sınaq şüşəsini qıran çempion: “Dəyişmişəm, Oyunlara hazırlaşıram”

Sun Yanq qadağan edilmiş maddələrdən istifadə etdiyi zaman yaxalandı, nümunələrin olduğu test şüşələrini çəkiclə qırdı və diskalifikasiya şərtlərinə riayət etmədi. İdmançı bütün bunları heç ciddiyə almır.

Dünyanın bəlkə də ən qalmaqallı üzgüçüsü olan Çin çempionu Sun Yanq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək barədə düşünür. Onun antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddəti Olimpiadanın başlamasına bir neçə ay qalmış başa çatacaq və rəsmi olaraq Sun Yanq lisenziya əldə edərsə, Fransa paytaxtına bilet sifariş edəcək.

İntizamsız çempion
Sun Yanq üzgüçülük dünyasında son dərəcə mübahisəli bir şəxsiyyətdir. O, 11 qat dünya çempionu, 3 qat olimpiya çempionu, 9 qat Asiya Oyunlarının qalibidir. London-2012-də 1500 m məsafədə sərbəst üsulla üzmədə 14:31.02 göstərici ilə dünya rekordu vurub.
Çində Yanq bütləşdirilir, lakin dünyanın qalan hissəsində ona qarşı münasibət elə də yaxşı deyil. Məsələ burasındadır ki, mükafatlarından çox, onun intizamsızlığı və pis davranışı haqqında daha çox şey məlumdur. Ya yolda sənədsiz maşın sürərkən avtobusa çırpılır, ya da qızlara əl qaldırır. Hətta 2015-ci ildə keçirilən dünya çempionatında çinli böyük hovuzu braziliyalı idmançı Larissa Oliveyra ilə bölüşməyib. Üzgüçülər arasında münaqişə yaranıb və bu zaman Sun xanımı dirsəyi ilə vurub, təpikləməyə çalışıb.
Amma ən böyük qalmaqallar təbii ki, dopinqlə bağlıdır.
Hər şey 2014-cü ildə yerli yarışlarda onun qanında trimetazidin aşkar edilməsindən sonra başladı. Sun özü qadağan olunmuş maddənin varlığını onunla izah etdi ki, o, həkimin ona verdiyi aritmiya dərmanları vasitəsilə orqanizmə daxil olub. Nəticədə o, cəmi üç ay, həkim isə bir il işdən kənarlaşdırıldı.

Sınaq şüşəsini çəkiclə məhv etdi
Lakin çinlinin ciddi problemləri 2018-ci ildə, dopinq zabitləri Sun Yanqın evinə gələndə başladı. Yanq gözlənildiyi kimi, qan verdi, bundan sonra imzalayacağı sənədlərdə uyğunsuzluqlar aşkar etdi. Bundan əlavə, dopinq zabitinin köməkçisi onun icazəsi olmadan çəkiliş apardı. Bütün bunlar çinlinin narazılığına səbəb oldu. O, məşqçiyə, hüquqşünasa və komanda menecerinə zəng etdi və onlar ona sənədləri imzalamağı qadağan etdilər. Münaqişə xaosa çevrildi. Üzgüçü çəkiclə sınaq boruları olan konteyneri, hansı ki, içində onun da nümunələri yer alırdı.
Beynəlxalq federasiya prosedurun qaydalara uyğun getmədiyini, yəni yoxlamanın prinsipial olaraq baş tutmadığını nəzərə alaraq, bu vəziyyətə yumşaq yanaşdı. Bundan sonra Yanqa iki qızıl medal qazandığı 2019-cu il dünya çempionatında iştirak etməyə icazə verildi. Düzdür, bu qələbələr onun rəqibləri tərəfindən tanınmadı. Avstraliyalı Mak Horton və britaniyalı Dunkan Skott Çin çempionu ilə fəxri kürsüdə dayanıb onun əlini sıxmaqdan imtina etdi.
Dünya Antidopinq Agentliyi beynəlxalq federasiyanın qərarına qarşı çıxdı və İdman Arbitraj məhkəməsi yekunda Sun Yanqı 8 il müddətində idmandan uzaqlaşdırdı. Əslində bədənində qadağan olunan maddə tapılmadığı üçün daha əvvəl aldığı mükafatlar ondan alınmadı.
Çempionun karyerası bitdi kimi görünürdü, amma belə olmadı. Sun Yanqın evində olan bu qalmaqallı olay göz önünə alınaraq sonradan onun cəzası 8 ildən 4 ilə endirildi.

"Olimpiya oyunlarına hazırlaşıram"
Cəzasından 3 il keçdikdən sonra Sun Yanq 2024-cü ildə Yay Olimpiya Oyunlarında iştirak edəcəyini söyləyib. Çinli cəzalı vaxtlarında da hazırlıqlarını davam etdirib. Hətta bir dəfə dövlət tərəfindən tikilən bir hovuzda da onu görüblər, hansı ki, o məkanda onun olması qadağan olub. Ancaq testlərin olduğu borunu qıran bir idmançı üçün bunlar adi hallardır.
“Şəxsən mən heç vaxt idmanı tərk etdiyimi və ya imtina etdiyimi deməmişəm. Həyatın hər mərhələsində çətinliklərlə qarşılaşırıq və indi tamamilə dəyişmişəm. Formada qalmalı olduğumu bilirəm. Hər gün məşq edirəm, Olimpiadaya hazırlaşıram. Qadağa məni daha da gücləndirdi. Bəlkə də bu çətinlikləri və uğursuzluqları yaşamasaydım, bu qədər dəyişməzdim və bu qədər tez yetişməzdim" - deyə üzgüçü qeyd edib.
2024-cü ilin yayında Sun Yanqın 32 yaşı olacaq. Bu Olimpiadada iştirak etmək üçün kifayət qədər uyğun yaşdır. Martdan etibarən o, yarışlara çıxacaq və Çin millisinə vəsiqə qazanmağa çalışacaq. Belə görünür ki, gücünü nümayiş etdirsə, mütləq heyətə düşəcək və çinlilər onun mübahisəli keçmişinə fikir verməyəcəklər.
Bir sual isə böyük maraq doğuracaq. Medal qazanacağı təqdirdə onun əlini kimsə sıxacaq?
Emin Ağa

İdman.biz