Üzgüçülərimizdən beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş medal - FOTO

Xəbərlər
18 Dekabr 2023 09:34
194
Üzgüçülərimizdən beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş medal - FOTO

Azərbaycanın yeniyetmə üzgüçüləri Macarıstanın Kapoşvar şəhərində beynəlxalq turnirdə 5 medal qazanıb.

İdman.biz xəbər verir ki, bu mükafatlardan 4-nün əyarı qızıl, 1-nin gümüş olub.

Yığma üzvlərindən Süleyman İsmayılzadə 1500 m sərbəst üsulla üzmədə finiş xəttinə birinci çatıb. O, 16:10,99 göstərici ilə qızıl medal qazanıb və 721 balla Azərbaycan rekordunu yeniləyib.

İsmayılzadə 400 m məsafədə də sərbəst üsulla üzmədə 04:08,42 göstərici ilə birinci olub. O, 695 balla Azərbaycanın yeniyetmələr arasında daha bir rekordunu adına yazdırıb.

Oqtay Hüseynov da beynəlxalq turnirdə milli komandamızın hesabına qızıl medal qazandırıb. İdmançımız 4:49,32 göstərici ilə 400 m məsafəyə qarışıq üsulla üzmədə birinci yeri tutub. O, eyni məsafəyə sərbəst üsulla üzmədə isə 4:13,92 göstərici ilə gümüş medala sahib olub.

Səid Həmidov də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 4:19,64 göstərici ilə 400 m məsafəyə sərbəst üsulla üzmədə hamını qabaqlayıb. Yarışlar bu gün də davam edəcək.

Qeyd edək ki, millimizin digər 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə güclərini sınayırlar. Dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakterli bu yarışlarda Albaniya, Bolqarıstan, Xorvatiya, Serbiya və Makedoniyanın idmançıları ilə yanaşı mübarizədə 50 və 200 metr batterflay üsullarında Ramil Vəlizadə və Əbdürrəhman Rüstəmov, 100 metr arxası üstə üzmədə isə Rəşad Alquliyev finala vəsiqə qazanıblar.

İdman.biz

Məqalədə: