Əziz gənclər və idmançılar!
Qızmar yay aylarına baxmayaraq, Azərbaycan idmanında aktivlik davam edir. Təkcə bu həftə ölkəmizdə bir neçə irimiqyaslı mötəbər beynəlxalq yarışlar keçirilir. Şahmat üzrə Dünya Kuboku, basketbol üzrə U-18 Avropa çempionatının "C" divizionu yarışı, həndbol üzrə U-17 Avropa çempionatı, həmçinin futbol klublarımızın Avropa kuboklarındakı matçları davam edir.
Bundan başqa, ölkəmiz bir sıra multi idman yarışlarında təmsil olunur. Ötən həftə gənclərimiz Avropa Gənclərin Olimpiya Festivalında iştirak etdilər. İndi isə tələbələrimiz Çində 31-ci Ümumdünya Yay Universiadasında, 177 idmançımız isə Belarusda II MDB oyunlarında çıxış edirlər.
Sevindirici haldır ki, olimpiyaçılarımızın ardınca paralimpiya idmançılarımız da Paris 2024-ə ilk lisenziyaları qazandılar. Para-atletlərimiz bu uğuru gələn il Olimpiya və Paralimpiya Oyunlarının təşkil ediləcəyi Fransanın paytaxtında keçirilən dünya çempionatında qazandılar. Olimpiadadan söz düşmüşkən, bu günlərdə Paris-2024-ə son bir il qalmasının geri sayımı başlandı.
İdmanın inkişafı ilə paralel olaraq, qalib idmançıların stimulu da daim diqqət mərkəzindədir. lll Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılarımızın, onların məşqçilərinin və oyunlara hazırlıqları prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması dövlət başçısının idmana qayğısının daha bir təzahürü, bariz nümunəsi oldu.
Ənənəyə uyğun olaraq, qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda medal qazanmış idmançılar və məşqçilər ilə növbəti görüşümüz oldu. Bu görüşlərdə öz uğurlarından bəhs edən müxtəlif idman növləri təmsilçilərinin bir-birini yaxından tanıması da çox əhəmiyyətlidir.
Ötən ay ərzində beynəlxalq əməkdaşlıqların gücləndirilməsi istiqamətində də bir sıra görüşlərim oldu. İsveçrəyə səfərim çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla fikir mübadiləsi apardım. BOK prezidenti Qoşulmama Hərəkatı Koordinasiya Bürosu Nazirlər İclasının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları haqqında Bakıda qəbul etdiyi xüsusi bəyannaməyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə etdi. Həmçinin ötən ay Liviyanın gənclər naziri Fazalla Əl-Zanini və Cəbəllütariqin idman naziri Stiven Linaresi Bakıda qəbul etdim. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərovla görüşdə isə gənclər siyasəti, eləcə də əməkdaşlığın genişləndirilməsi və gələcək planları müzakirə etdik.
Gənc bədii gimnastlarımız qrup hərəkətləri komandası olaraq ilk dəfə dünya çempionatında medal qazandılar. Daha bir tarixi uğura 16 yaşlı basketbolçu qızlardan ibarət milli komandamız nail oldu. Qızlarımız Avropa çempionatında "C" divizionunun qalibi oldular.
Daha iki idman təşkilatında seçkilər keçirildi. Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasına, Hidayət Abdullayev isə Azərbaycan Milli Paralimpiya Komitəsinə prezident seçildilər. Hər iki qurumun yeni rəhbərliyinə fəaliyyətlərində uğurlar arzulayıram.
Maştağa qəsəbəsində "Alpman" taekvondo klubunun filialının açılışında da iştirak etdik. Klubun fəaliyyətinə baxış zamanı burada idmançıların məşq etmələri üçün yaradılmış şəraitlə tanış olduq, idmançıların məşq prosesini izlədik, onlarla söhbət edib. Ölkəmizdə idmanın həm sağlamlıq, həm də biznes fəaliyyətinə çevrilməsinin ən səmərəli yolu məhz klub təsərrüfatının inkişaf etdirilməsidir.
Avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü dünya çempionatının loqosu, medalları və maskotunun təqdimatı, Ümummilli Lider Heydər Əliyevin ölkə şahmatının inkişafında misilsiz xidmətlərindən bəhs edən "Sərəncam №42" filminin nümayişi də ötən ayın idman təqvimində öz yerini aldı. Yeri gəlmişkən, avqustun sonunadək bütün dünya şahmatçılarının diqqəti Bakıda olacaq. Paytaxtımızda start götürmüş şahmat üzrə Dünya Kuboku bu il ölkəmizdə keçirilən nüfuzlu yarışlardan biridir. Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi və futbol üzrə "Qol U-15" beynəlxalq turniri iyulda ölkəmizdə keçirilmiş beynəlxalq yarışlar arasında yer aldı.
Gənclər sahəsində də aktivlik davam edir. Ötən il ölkəmizdə baş tutmuş Sammitin yekun sənədi olaraq Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Təşkilata çevrilməsinə əsas verən "Şuşa Akkordu"nun bir illiyi münasibətilə Şuşa şəhərində reallaşan "Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi" layihəsi də yeni ideya və təkliflər baxımından faydalı oldu.
Gənclərin innovativ inkişafı vacib məsələdir. Bu baxımdan TRAYAZE layihələri çərçivəsində iştirakçıların növbəti praktiki təlim kursları, eləcə də "Youth Inc." Sahibkarlıq Proqramının Enactus Azərbaycan üzvləri üçün infosessiya təqdirəlayiqdir. Həmçinin yay tətili boyunca davam edəcək müxtəlif sahələr üzrə düşərgələr də gənclər tərəfindən böyük maraqla qarşılanır.
Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün layihəsi çərçivəsində "Missiya: 2030" Hakatonu Gənclər Paytaxtı Mingəçevirə qonaq oldu. Əsas məqsədi gənclər arasında dayanıqlı inkişaf məqsədlərinin innovativ yolla təbliği və gəncləri dayanıqlı həll yolları təklif etməyin təşviqi olan layihə maraqlı olduğu qədər də effektivdir.
Son illər gənclərin maraq və diqqət mərkəzində olan "Yüksəliş" müsabiqəsi bu gün istedadlı, perspektivli kadrların üzə çıxarılmasında və inkişafında mühüm bir platformadır. Ötən ay 3-cü "Yüksəliş" müsabiqəsi qalibləri ilə görüşüb onları təbrik etdik.
Beləliklə, tədbirlər və uğurlarla zəngin daha bir ay dünənə çevrildi. Bu gün istər gənclər, istərsə də idman sahələrində yetərincə layihələr, yarışlar davam etməkdədir. Avropa və dünya miqyaslı nüfuzlu yarışlarda ölkəmizi təmsil edən idmançılar - sabahın Olimpiyaçıları, eləcə də beynəlxalq tədbir və forumlarda ölkəmizi uğurla təmsil edən gənclər sabahın davamçılarıdırlar. Deməli, qarşıda bizi daha məsul bir dövr gözləyir. Uğurların davamlı olması üçün isə dünənin təcrübəsi, bu günün potensialından düzgün istifadə etməklə sabaha nikbin və inamla baxmalıyıq.
Fərid Qayıbov,
gənclər və idman naziri
İdman.biz
Əziz gənclər və idmançılar!