Azərbaycan karateçisi: "Finalda ani səhv qərar səbəbindən uduzdum"

Xəbərlər
9 Sentyabr 2025 13:56
37
Azərbaycan karateçisi: "Finalda ani səhv qərar səbəbindən uduzdum"

Azərbaycan karateçisi Hüseyn Məmmədli Avstriyanın Zaltsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirinin finalında ani səhv qərar səbəbindən məğlub olub.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında idmançı özü deyib.

Karateçi nəticəni qənaətbəxş adlandırıb: "Bildiyiniz kimi, A Seriya turniri il ərzində dörd dəfə keçirilir. Bu yarış reytinqə xal əlavə etmək üçün əhəmiyyətlidir. Böyüklər arasında 67 kq çəki dərəcəsində gümüş medal qazandım. Uyğun ardıcıllıqla Qvatemala, İtaliya, İngiltərə, Fransa, Kipr və Qazaxıstan idmançılarına qalib gələrək finala yüksəldim. Təəssüf ki, bu mərhələdə italiyalı rəqibimə məğlub oldum. Düşünürəm ki, ani səhv qərar səbəbindən döyüşü əldən verdim. Ümumilikdə nəticəmi qənaətbəxş qiymətləndirirəm. Hazırda yaxşı formadayam. Sadəcə, bir anlıq səhv qərar nəticəni dəyişdirdi".

O, qarşıdakı planlar barədə danışıb: "Azərbaycanda III MDB Oyunları keçiriləcək. Bu yarışdan əvvəl təlim-məşq toplanışımız olacaq. Yüksək səviyyədə hazırlıq keçəcəyik. Ümid edirəm ki, III MDB Oyunlarında Azərbaycan bayrağını qaldırıb, himnimizin səsləndirilməsinə nail olacağam. Daha sonra İslam Həmrəyliyi Oyunları olacaq. Ardınca dünya çempionatının təsnifat yarışları başlayacaq. Fransanın paytaxtı Parisdə dünya çempionatına lisenziya xarakterli yarış kçeiriləcək və mən də ora qatılacağam. Ümidvaram ki, yüksək nəticələr əldə edəcəyəm. Üzərimizdə əziyyəti olan hər kəsə - federasiya rəhbərliyinə, məşqçilərə dərin təşəkkürümü bildirirəm".

İdman.biz