Elcan Hacıyev: “Səid Mollayini qabaqlayıb Olimpiadaya gedəcəyimə inanırdım” - VİDEO

Müsahibə
2 May 2024 17:16
Elcan Hacıyev: “Səid Mollayini qabaqlayıb Olimpiadaya gedəcəyimə inanırdım” - VİDEO

“81 kq-da medal qazanmışdım. Xalım var idi”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev (90 kq) deyib.

Avropa çempionu bildirib ki, çəki dərəcəsini gec dəyişdiyi üçün peşmandır: “81 kq-da Səid Mollayi kimi güclü cüdoçu olsa da, özümə güvənirdim. Onu qabaqlayıb Olimpiya Oyunlarına gedəcəyimə inanırdım. Mənim üçün problem çəkim oldu. Yaşımla əlaqədar inkişaf getdiyi üçün görürdüm ki, çəkim 92-93 kq-a qalxıb. Ondan sonra 81 kq-a düşmək çox çətin olurdu. Son yarışda özümü çox pis hiss etdim. Məşqçilərimlə qərara gəldik ki, 90 kq-a qalxmalıyam. Bunu məcburiyyətdən etdim. Peşmanam. İndiki çəkidə özümü çox rahat hiss edirəm”.

Hacıyev dünya çempionatından gözləntilərini də açıqlayıb: “Avropa çempionu olmuşamsa, deməli dünya çempionu da ola bilərəm. Heç bir şey əlçatmaz deyil. Asiya ölkələri istisna, eyni rəqiblər olacaq. Özümə çox inanıram. Tək mən yox, komandamızda bu tilsimi qıracaq uşaqlar çoxdur. İnşallah, dünya çempionatında medal sayımız çox olacaq”.

Qeyd edək ki, dünya çempionatı mayın 19-24-də BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək.

Emin Ağa
İdman.biz

Məqalədə: