Fidel Kastronun oğlu: “Həyatımda ilk dəfə bunu Bakıda danışıram” – İDMAN.BİZ-in MÜSAHİBƏSİ

10 Oktyabr 2026 00:00
177
Fidel Kastronun oğlu: “Həyatımda ilk dəfə bunu Bakıda danışıram” – İDMAN.BİZ-in MÜSAHİBƏSİ

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı planetin ən güclü idmançıları ilə yanaşı, cüdo dünyasının maraqlı simalarını da bir araya gətirib. Onlardan biri də kubalı həkim Antonio Kastro - inqilabçı və XX əsrin ən tanınmış siyasi xadimlərindən biri Fidel Kastronun oğludur.

Antonio Kastro beynəlxalq cüdoda mühüm vəzifələr tutur. O, Beynəlxalq Cüdo Federasiyasının (IJF) Tibbi Komissiyasına rəhbərlik edir və Panamerika Cüdo Konfederasiyasının baş katibidir.

İdman.Biz-ə müsahibəsində Antonio Kastro cüdoya gedən yolundan, Bakıda keçirilən dünya çempionatının səviyyəsindən, Azərbaycanla Kuba arasında əməkdaşlığın inkişaf perspektivlərindən və Azərbaycanı təmsil edən kubalı idmançılardan danışıb.

– Bakıda keçirilən dünya çempionatının təşkilini necə qiymətləndirirsiniz? Turnirin tibbi təminatı barədə nə deyə bilərsiniz?

– Təşkilatçılıq məni çox təsirləndirdi. Federasiya böyük iş görüb. Mənim üçün bu, ən yaxşı dünya çempionatlarından biridir, Milli Gimnastika Arenası isə turnirlərimiz çərçivəsində gördüyüm ən yaxşı idman obyektlərindən biridir.

Tibbi baxımdan Bakıda şərait həqiqətən çox yaxşıdır. Arena möhtəşəmdir və yüksək səviyyədə təchiz olunub. Burada sadəcə adi tibbi otaq yoxdur – demək olar ki, kiçik bir xəstəxana yaradılıb. Həkimlərin də böyük təcrübəsi var.

Onların işindən çox razıyıq və gələcəkdə Azərbaycanda keçiriləcək digər yarışlarda da bu təcrübədən istifadə etməyə çalışacağıq.

– Bakıda keçirilən dünya çempionatı zamanı fransalı cüdoçu Sara-Leoni Sizik zədələndi və müayinə üçün xəstəxanaya aparıldı. Onun hazırkı vəziyyəti barədə məlumatınız varmı?

– Dünya çempionatında rəqabət çox yüksək səviyyədədir, idmançılar da yaxşı hazırlaşıblar. Buna baxmayaraq, bu yarışda zədələrin sayı o qədər də çox deyil. Açığı, özümüz də buna təəccüblənirik.

Fransalı idmançı ilə bağlı vəziyyətdə hər şey çox yaxşı və operativ şəkildə həll olundu. Biz də onun yanında idik, kömək etməyə və düzgün istiqamətləndirməyə çalışdıq.

Belə hallarda müəyyən qərarlar qəbul etməliyik, amma bu dəfə hər şey ideal şəkildə təşkil olundu. Nəticədə ciddi problem aşkarlanmadı. Ancaq idmançı ağrıdan şikayət edirsə, biz müəyyən edilmiş protokola əməl etməliyik. Buna görə də onu müayinə üçün xəstəxanaya göndərdik.

Hər şey sakit və çox peşəkar səviyyədə keçdi.

– O, artıq komanda yarışlarında iştirak etməyə hazırdır?

– Bəli, hazırdır. Əlbəttə, ciddi problemin olmadığına tam əmin olmalıyıq. Amma bu, belə zədələr zamanı bütün yarışlarımızda tətbiq etdiyimiz standart protokoldur.

– Bioqrafiyanıza baxanda görürük ki, şəxsi idman təcrübəniz sonradan cüdoda başqa rolda fəaliyyət göstərməyinizə müəyyən mənada təsir edib. Siz özünüz də vaxtilə cüdo ilə məşğul olmusunuz...

– Bəli, bunun maraqlı tarixçəsi var. Mən sarı kəmərə qədər cüdo ilə məşğul olmuşam, sonra başqa idman növünə keçmişəm.

Dizimdən zədə almışdım. Çox gənc idim, təxminən 16 yaşım vardı, futbol oynayırdım və zədələndim.

Bundan sonra düşünməyə başladım ki, gələcəkdə nə edə bilərəm ki, idmançılara kömək edim. Mən özüm də idmançı olmaq istəyirdim, amma zədə aldım. Ona görə düşündüm ki, idmanla məşğul olmaq istəyən insanların belə problemlərlə üzləşməməsi üçün onlara necə yardım edə bilərəm.

Beləcə, tibb təhsili almağa qərar verdim və ortoped-travmatoloq oldum. Daha sonra Olimpiya Oyunlarında Kuba nümayəndə heyəti ilə işləməyə başladım. Ardınca Beynəlxalq Cüdo Federasiyasına gəldim.

Həyatımda ilk dəfədir ki, bu barədə danışıram və bunu məhz burada – Bakıda, Azərbaycanda etməyim mənim üçün xoşdur.

Mən gəncliyimdə aldığım zədədən sonra idmançılara qayğı göstərmək istədiyim üçün idman həkimi oldum. Məncə, bu, çox gözəl, hətta müəyyən mənada mənəvi bir hekayədir.

– Həm idman funksioneri, həm də keçmiş cüdoçu kimi dünya çempionatını izləmək yəqin ki, sizin üçün xüsusi maraqlıdır. Medal uğrunda mübarizənin belə keçəcəyini gözləyirdinizmi?

– Hamı medal uğrunda mübarizə aparır. Amma məncə, ən vacibi bütün idmançıların burada birlikdə olmasıdır.

Hamımız bilirik ki, çətin dövrdə yaşayırıq. Dünyanın müxtəlif yerlərində insanlar müharibə aparırlar. Amma cüdo Bakıda sülh və dostluq üçün bir məkan yaradıb.

Burada yarışmaq, həm məğlub olmağı, həm də qalib gəlməyi öyrənmək, komanda şəklində çalışmaq mümkündür. Məncə, cüdonun insanın həyatına verdiyi əsl mükafat da məhz budur.

Medal sıralamasına gəlincə, bəzi ölkələr həqiqətən çox güclüdür. Azərbaycan da çox yaxşı nəticələr göstərir və bu, əladır.

İdmançı medal qazandıqda, bu, müəyyən mənada cəmiyyətin öz vətəndaşları üçün gördüyü işləri də göstərir. Siz bütün dünyaya nümayiş etdirirsiniz ki, öz insanlarınıza böyük diqqət ayırırsınız.

Eyni sözləri, məsələn, Yaponiya haqqında da demək olar. Amma mənim üçün ən vacib məsələ yenə də cüdonun insan həyatına gətirdiyi dəyərlərdir.

– Siz Panamerika Cüdo Konfederasiyasının baş katibisiniz. Sizin regionun təmsilçiləri hələlik medal qazana bilməyiblər...

– Yarış hələ başa çatmayıb. Ümid edirik ki, sona qədər bir neçə medal qazana biləcəyik.

Amma istənilən halda bu, idmançılarımız üçün böyük təcrübədir. Cüdoçularımızla danışmışıq və onlar başa düşürlər ki, bəzən asan olmur. Dünya cüdosunun səviyyəsi çox yüksəkdir.

Panamerika ölkələrində bu idman növünün daha da populyarlaşdırılması və inkişaf etdirilməsi ilə bağlı planlarımız var.

Cüdoçularımız burada olmaqdan və dünyanın ən yaxşı idmançıları ilə yarışmaq imkanından çox məmnundurlar. Bu, onlar üçün böyük fürsətdir.

Amma bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Onlar böyük səy göstərirlər, yüksək fədakarlıq nümayiş etdirirlər, medal qazanmaq üçün hər şeylərini ortaya qoyurlar. Amma idman budur – ya qalib gəlirsən, ya da məğlub olursan.

Güclü, mərd və cəsarətli olmaq, ölkəni şərəflə təmsil etmək və ləyaqətlə yarışmaq lazımdır.

– Yeri gəlmişkən, hazırda Kubada cüdo necə inkişaf edir?

– Kuba bütün idman növlərini inkişaf etdirməyə davam edir və hazırlığın keyfiyyətini yüksəltməyə çalışır.

Əlbəttə, iqtisadi vəziyyət asan deyil. Amma idmançılar yarışmağa davam edir və mübarizə ruhlarını qoruyurlar.

Konkret cüdodan danışsaq, onların bura gəlmək və bu səviyyədə mübarizə aparmaq üçün nə qədər böyük zəhmət çəkdiklərini özünüz də görürsünüz. Onlar əsl döyüşçülərdir.

– Hazırda İspaniyanı təmsil edən kubalı Ayumi Leyva Sançes Bakıda keçirilən dünya çempionatında bürünc medal qazandı. Onunla danışmaq və təbrik etmək imkanınız oldumu?

– Medal qazandıqdan sonra şəxsən onun yanına getdim, qucaqladım, öpdüm və təbrik etdim. Dedim: “Sənin adına çox sevinirəm, səninlə fəxr edirəm”.

Bəli, o, İspaniyanı təmsil edir. Amma deyə bilərəm ki, biz bütün idmançılara belə yanaşırıq. Gürcülərə, azərbaycanlılara, yaponlara da.

Rumıniyanı təmsil edən başqa bir kubalı idmançımız da var. Onun kiçik qanaxması olmuşdu və mənim yanıma gəldi. İspan dilində danışdığı üçün yanına gedib dedim: “Narahat olma, hər şey qaydasındadır”.

Yerli həkim ona yardım göstərdi və sonra yenidən yarışa qayıtdı.

Biz bütün idmançılara bu cür yanaşırıq və cüdoçularımızla fəxr edirik.

– Yəni başqa ölkəni təmsil etməyə qərar verən kubalı idmançılara da dəstəyinizi davam etdirirsiniz?

– Əlbəttə. Hər kəs harada çıxış edəcəyini seçməkdə azaddır.

IJF-in öz qaydaları var və idmançılar həmin qaydalara riayət etməlidirlər. Amma onlar istədikləri ölkəni təmsil edə bilərlər.

Bir daha vurğulamaq istəyirəm: cüdo azadlıq və sülh məkanıdır. Bu, hər kəs üçün açıq bir məkandır.

– Azərbaycanda da kubalı boksçular olub və indi də var. Onlardan bəziləri Olimpiya Oyunlarında uğurla çıxış ediblər. Kubalı idmançıların Azərbaycan idmanının inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz?

– Məncə, kubalı idmançılar öz bacarıqlarını yalnız Azərbaycan idmanında deyil, bütün dünyada nümayiş etdirirlər. Onlar göstərirlər ki, qalib gəlməyi və medal qazanmağı bacarırlar.

Azərbaycandakı uğurlarına isə xüsusilə sevinirəm.

Kuba boks məktəbinin çox qədim ənənələri var və onun səviyyəsi çox yüksəkdir. Kubalı idmançıların başqa ölkələrə medal qazanmaqda kömək etməsi məni sevindirir.

Bu, kubalı idmançıların özləri üçün də yaxşıdır. Başqa ölkələrdə yaşayır, uğur qazanır, həm özlərini, həm də Kubanı sevindirirlər. Onları təmsil etdikləri ölkələrdə də sevinclə qarşılayırlar.

Bu, hər kəs üçün yaxşıdır.

– Sonda Kuba ilə Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi planlaşdırılırmı?

– Bakıda Azərbaycanın idman naziri ilə görüşmək üçün çox yaxşı imkanım oldu.

Gələcək əməkdaşlıq barədə ətraflı danışdıq və söhbət təkcə cüdodan getmirdi. Həm cüdo sahəsində, həm də Kuba ilə ümumi əməkdaşlığın gələcəyi barədə çox müzakirə apardıq.

Görüləsi çox işimiz var. Onun çox yaxşı ideyaları var. O, çox gözəl insandır, idmanı sevir və ölkəsi üçün çox iş görmək istəyir.

Deyə bilərəm ki, biz birlikdə işləyəcəyik. Dostluğumuzu daha da möhkəmləndirməkdə ona kömək etmək imkanına malik olduğum üçün də çox şadam.

İdman.Biz