"Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda qələbəmə sevindim. Bu, Avropa çempionatında daha yaxşı çıxış etməyimə kömək edəcək".
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın paytaxtında Avropa kubokunu qazanan italiyalı gimnast Sofiya Raffaeli deyib.
Olimpiadanın bürünc mükafatçısı “Cross Battle”dən sonra finalda özbəkistanlı Lola Jurayevaya qalib gəlib.
O bildirib ki, Bakıdakı qələbəsi Avropa çempionatına doğru mühüm addımdır.
Sofiya həmçinin, Olimpiadadan sonra keçirdiyi vaxtdan da danışıb: “Yay Oyunlarından bir həftə sonra idman zalına qayıtdım və bədii gimnastika ilə məşğul olmağa, yeni proqramlarla məşqlərə davam etdiyim üçün çox sevinirdim. Mən keçən ilki idmançıyam... eyni Sofiyayam!”.
Qeyd edək ki, italiyalı gimnast bu il Bakıda ikinci dəfə qalib olub. Bundan əvvəl o, Milli Gimnastika Arenasında keçirilən Dünya kubokunda çoxnövçülük üzrə yarışda birinci yerə yüksəlib.
İdman.biz