“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen qeyri-adi kartinq yarışında 100 rəqibini keçərək qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, niderlandlı pilot Silverstounda təşkil olunan “Max vs 100” tədbirinə 101-ci mövqedən başlayıb. Ferstappen 35 dəqiqə ərzində qarşısındakı 100 kartinqçini keçərək finişə birinci çatıb.
Startdan dərhal sonra ilk döngədə böyük qarışıqlıq yaranıb. Ferstappen trasın kənarına çıxmağa məcbur olsa da, toqquşmalardan yayına və mövqelər qazana bilib.
“Belə məqamlarda instinktiv hərəkət edirsən. İşıqlar sönəndə boşluqların harada olduğunu görürsən və ətrafındakı insanların çılğın hərəkət etməyəcəyinə inanmalısan. Yarışın ilk yarısı xaos idi. Əsas məsələ sağ qalmaq, sonra isə onları bir-bir tutmaq idi”, - Ferstappen bildirib.
Dördqat dünya çempionu yarışdan əvvəl ilk dövrədə 40 rəqibini keçməyin mümkün olacağını düşündüyünü deyib. Lakin ona daha sonra ilk dövrədə 61 kartinqçini geridə qoyduğu bildirilib.
Ferstappen qələbənin mümkünlüyünə əvvəlcədən inandığını da vurğulayıb. Onun sözlərinə görə, hazırlıq dövrələrində öz nəticələrini digər iştirakçıların təsnifat göstəriciləri ilə müqayisə edib və yarışın taleyinin əsasən ilk iki dövrədən asılı olacağını bilib.
