Lando Norris öz yarış komandasını yaratdı

2 Sentyabr 2026 23:37
123
Lando Norris öz yarış komandasını yaratdı

“MakLaren”in pilotu Lando Norris öz yarış komandası olan LN4 Fusion-u və gənc pilotların inkişafına dəstək proqramı “LN4 Legacy Programme”-ı yaradıb.

İdman.Biz xəbər verir ki, LN4 Fusion 2027-ci ildən etibarən İtaliya “Formula-4”ü, Avropa “Formula Regional” və “Formula-3”də çıxış edəcək. Komanda həmçinin Britaniya “Formula-4”ündə sınaq proqramına başlayıb və “Formula-2”də iştirak üçün müraciət edib.

Komandaya “Prema”nın keçmiş rəhbəri Rene Rosin rəhbərlik edəcək. Layihəyə italiyalı komandanın sabiq mühəndisi Guillaume Capietto da qoşulub. LN4 Fusion-un Avropadakı əsas bazası İtaliyanın Veneto bölgəsində, Britaniya bölməsi isə Kembricşirdə yerləşəcək.

Norris paralel olaraq gənc pilotlar üçün tam maliyyələşdirilən “LN4 Legacy Programme” adlı proqramını da başladıb. Proqrama “Alpine”in keçmiş idman direktoru Julian Rouse rəhbərlik edəcək.

Norris bildirib ki, Formula-1-ə yüksəlmək üçün təkcə istedad kifayət etmir. Onun sözlərinə görə, doğru insanların dəstəyi və lazımi imkanların vaxtında yaradılması da böyük əhəmiyyət daşıyır.

“Formula-1”in baş direktoru Stefano Domenikali isə Norrisin bu layihələrdə iştirakının “Formula-1”in gələcək pilotlarının hazırlanmasında əhəmiyyətli olacağını vurğulayıb.

İdman.Biz