“Mersedes” W17-ni təqdim etdi - FOTO

Xəbərlər
22 Yanvar 2026 20:05
45
“Mersedes” W17-ni təqdim etdi - FOTO

“Formula-1”də çıxış edən “Mersedes” komandası 2026 mövsümü üçün hazırladığı yeni bolid W17-nin renderlərini ictimaiyyətə təqdim edib.

İdman.Biz xəbər verir ki, komandanın rəhbəri Toto Volf yeni reqlamentin böyük dəyişikliklər tələb etdiyini bildirib. Onun sözlərinə görə, 2026-cı ildə qüvvəyə minəcək qaydalar innovasiya və performansın bütün sahələrində maksimum diqqət tələb edir.

W17 üzərində aparılan işlər, həmçinin güc qurğusunun uzunmüddətli inkişafı və ekoloji təmiz yanacaqların hazırlanması bu yanaşmanın nəticəsidir.

Volf qeyd edib ki, W17-nin ilk görüntülərinin paylaşılması yalnız prosesin növbəti mərhələsidir və bu layihə Briksvort və Brekli bazalarında çalışan komandaların kollektiv, fasiləsiz əməyini əks etdirir. O, yaxın aylarda işlərin daha intensiv şəkildə davam edəcəyini vurğulayıb.

Yeni texniki reqlamentə uyğun olaraq W17 əvvəlki modeldən daha kiçik, dar və yüngül hazırlanıb. Bolid aktiv aerodinamika ilə təchiz olunub: ön və arxa qanadlar hərəkətlidir. Güc qurğusunda isə elektrik və benzin aqreqatları arasında güc bölgüsü demək olar ki, bərabərdir.

Avtomobilin livreyasında da yenilik edilib. Dizaynın əsas elementi komandanın tərəfdaşı “Petronas”ın simvolu olan dinamik yaşıl xəttdir və bu xətt bolidin alt hissəsi boyunca uzanır.

İdman.Biz