“Neftçi”nin müdafiəçisi Murad Xaçayevin Futbolxeber.az saytına müsahibəsi
- “Sabah”la oyunda üstün tərəf olsanız da, heç cür fərqlənmək mümkün olmadı. Nə çatışmadı?
- Həqiqətən də 90 dəqiqə meydanda dominant tərəf biz idik. Hücum edirdik, qol epizodları yaradırdıq. Təəssüf ki, heç cür qol vura bilmədik.
- Komanda 4 turda 1 qol vurub, o da penaltidən. Bəlkə problem elə hücum xəttindədir?
- Deməzdim. Çünki qolu təkcə hücumçular vurmur. Yarımmüdafiəçilər, cinah müdafiəçiləri də təhlükəli epizodlar yaradırlar. Sadəcə bəxtimiz gətirmir. Bəzən elə anları qaçırırıq ki... 100 faizli şanslar qaçır. Adam deməyə söz tapmır. Bu nədirsə, futbolla bağlı deyil.
- Bu oyunda bəxtiniz gətirmədi, amma ümumilikdə qələbəsiz oyunlar seriyası 4-ə çatdı. Problem nədir, niyə “Neftçi” qalib gələ bilmir?
- Nəsə fikirləşmək, günahı kiminsə, nəyinsə üzərinə atmaq olmur. Dediyim kimi, bütün matçlarda rəqiblərdən üstün oynayırıq. Dayanmdan hücumlar edirik, qol epizodları yaradırıq. Sadəcə fərqlənə bilmirik Ən böyük problem budur.
- Düşünmürsünüz ki, ardıcıl xal itkiləri komandanı hədəfindən uzaqlaşdırır? Bu gedişlə avrokuboklar yenə əlçatmaz ola bilər...
- Cəmi 4 tur gedib. Futbolçularla öz aramızda danışırıq. Qələbəni dadmalıyıq. 2-3 qol vurandan sonra komanda özünə gələcək. Qələbələr sıralandıqca isə, məqsədimizə çatacağıq.
- Uğursuz gedişatla bağlı azarkeşlərə nəsə demək istəyirsiniz?
- Dəstəklərinə görə onlara təşəkkür edirəm. Hər oyun bizim yanımızdadırlar. Görürlər ki, biz 100 faiz gücümüzü meydanda qoyuruq. Sadəcə bəxt bizdən üz çevirib. İnanıram ki, qarşıdakı görüşlərdə onları sevindirəcəyik.
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Sabiq klubunuza qarşı oyun sizi həyəcanlandırır?
- Bəli, sabiq klubuma qarşı oynayacam. Amma bu, adi bir matçdır. Növbəti tur, növbəti oyun, başqa heç nə. Meydana çıxsam, “Neftçi”nin qələbəsi üçün əlimdən gələni edəcəm.
- Sizcə, sumqayıtlı azarkeşlər sizi necə qarşılayacaqlar?
- Bu haqda onlardan soruşsanız, daha yaxşı olar. Mən “Sumqayıt”da çıxış edərkən komandanın uğuru üçün 100 faiz gücümü vermişəm. Lakin ümumilikdə necə yanaşacaqlarını bilmirəm.
İdman.biz