Milli komandamızın kapitanı Emin Mahmudovun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
İdman.biz Futbolxeber.az-a istinadən müsahibəni təqdim edir:
- Bir gün ərzində nə dəyişdi ki, İslandiyadakı ağır məğlubiyyətdən sonra Ukrayna millisindən xal ala bildiniz?
- Bir günə çox dəyişə bilməzdi. Amma Ayxan müəllim çalışdı ki, bizi psixoloji cəhətdən hazırlaşdırsın. Bəzi tapşırıqlarını verdi. Biz də əlimizdən gələni etdik ki, onun istədiklərini yerinə yetirək. Çox şükür ki, alındı.
- Bu heç-heçədən sonra millimiz seçmə mərhələ xal və ya xallar qazana bilər?
- Əlbəttə, biz buna inanırıq. Alınıb-alınmayacağını zaman göstərəcək.
- Fernandu Santuş komanda ilə sağollaşdı?
- Bəli, sağollaşdı. Hamıya təşəkkürünü bildirdi. Qeyd etdi ki, o, maksimum əlindən gələni edib.
- Ukrayna ilə matçda qazanılan bir xal komanda müsbət təsir göstərəcək?
- Biz də buna inanırıq. Çalışacağıq ki, uğurlu çıxışı davam etdirək. Ukraynaya qarşı komanda kimi vuruşduq, komanda kimi əziyyət çəkdik. Baş məşqçini, komandanı təbrik edirəm.
- Millinin oyunlarında da “Qarabağ”ın avrokubok matçlarındakı kimi anşlaq olması üçün nə etmək lazımdır?
- Səfərdəki ağır məğlubiyyətə baxmayaraq, Ukrayna ilə görüşdə bizi stadiondan dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm. Sağ olsunlar, bizi tək qoymadılar. İnanıram ki, millinin nəticələri yaxşılaşsa, azarkeşlərin də sayı artacaq.
- Artıq Azərbaycan millisinin ən məhsuldar futbolçususunuz...
- Bununla qüur duyuram. Açıq deyim ki, bunun üçün çox əziyyət çəkdim. Ətrafımdakı dostlar, hamı bunu gözləyirdi. Şükür Allaha ki alındı. Həmişə demişəm, əsas komandanın uğurudur. Ukraynaya uduzsaydıq, rekorda imza atmağım o dərəcədə sevindirici olmazdı.
- Bu qol sizin üçün, milli üçün axarı dəyişə bilər?
- Gələcəkdə nə qədər oynayacağımı bilmirəm. Vaxt keçir, yaş artır. Hər zaman məqsədim komandaya xeyir verməkdir.
- 15 qol bombardir üçün az deyil?
- Məncə, yarımmüdafiəçi üçün yaxşı nəticədir. Digər ölkələrin göstəricilərinə də maraq üçün baxmışdım. 15 qol yarımmüdafiəçi üçün az sayılmır.
- 21 ildən sonra siz Qurban Qurbanovun rekordunu yenilədiniz. Bəs Emin Mahmudovun rekordu nə zaman yenilənər?
- Milli komandamızda Renat, Musa, Mahir bu göstəricini keçə bilərlər. Bəzən bəxt də lazımdır. Məsələn, mən 1 ilə 7 qol vurdum, sonra bir müddət heç cür fərqlənə bilmədim.
- 15 qoldan hansını ən yaddaqalan hesab edirsiniz?
- İsveçə vurduğum qolu.
- Millimizin yeni baş məşqçisi yerli mütəxəssis olsun, yoxsa əcnəbi?
- Mən gedən məşqçilər barədə nəsə deyib, onlara hörmətsizlik edə bilmərəm. Santuş da çalışdı, amma alınmadı. Seçimi AFFA edəcək, mən də onların qərarına hörmətlə yanaşacam. Ayxan müəllimlə rahat idi. Bizi inandırırdı ki, biryerdə olsaq, minimum nəticə qazana bilərik. O, komandaya inam qazandırdı. Üstəlik, biz də onu tanıyırıq, nə istədiyini bilirik.
- Sizcə, Ayxan Abbasov millidə qalmalıdır?
- Qərar verən mən deyiləm. Qalsa, çox sevinərəm. Qalmasa da, yeni baş məşqçi kim olur-olsun, əsas odur ki, milliyə faydası dəysin.
İdman.biz