Murad Musayev: “Avtoqol zamanı əlimdən heç nə gəlmirdi”

Xəbərlər
17 Avqust 2025 12:26
41
Murad Musayev: “Avtoqol zamanı əlimdən heç nə gəlmirdi”

Bir illik fasilədən sonra yenidən Premyer Liqada yaşıl meydna qayıdan Murad Musayev ilk oyundakı çıxışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, təcrübəli futbolçu Futbolinfo.az-a açıqlamasında komandanın oyununu, “Karvan–Yevlax”la qarşılaşmanı və avtoqol epizodunu şərh edib.

“Qəbələ”nin kapitanı komandanın ilk oyununu dəyərləndirib: “Uzun fasilədən sonra meydana çıxmaq xüsusi bir hiss idi. Açığı, bu qədər müddət oynamadıqdan sonra nələrin olacağını özüm də çox maraqla gözləyirdim. Amma məncə, pis alınmadı. Ümumiyyətlə, komandanın çıxışı yaxşı idi. Maraqlı, dinamik və baxımlı futbol sərgilədik. Həm mübarizə baxımından, həm də oyuna yanaşma cəhətdən razı qaldım. Təbii ki, çatışmazlıqlar var, amma ilk oyun üçün qənaətbəxş idi. “Karvan–Yevlax”la görüşdə kifayət qədər qol imkanlarımız oldu. Təəssüf ki, şanslarımızı dəyərləndirə bilmədik. Əgər imkanlardan yararlansaydıq, hesab 4:0 da ola bilərdi. Oyunun ağır keçməsi də gözlənilən idi, çünki rəqib çox istəkli və motivasiyalı idi. Ədalətli danışmaq lazımdırsa, bu oyunda həm 1 xal qazandıq, həm də 2 xal itirdik. Qələbə qazana biləcək gücümüz var idi, sadəcə, son nöqtəni qoymaq alınmadı”.

31 yaşlı müdafiəçi açılış matçında müəllifi olduğu avtoqol barədə də fikirlərini bölüşüb: “Avtoqol futbolda hər zaman ola biləcək bir haldır. Elə epizod idi ki, əlimdən heç nə gəlmirdi. Top gözləmədiyim anda üzərimə gəldi və mənə dəydi. Sözsüz ki, çox üzüldüm, çünki komanda üçün önəmli an idi. Amma futbolçunun işi odur ki, səhvlərindən nəticə çıxarsın və daha güclü geri dönsün. Mən də çalışacağam ki, gələcək oyunlarda daha diqqətli olum. Bizim əsas məqsədimiz hər oyunda maksimumunu vermək, mübarizə aparmaq, mövqeyimizi qorumaq və bizi dəstəkləyən azarkeşləri sevindirməkdir. Bunun üçün isə çox işləməli, əziyyət çəkməliyik. İnanıram ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq”.

İdman.biz