"Qarabağ" bu gün sensasiyaya imkan verməyəcək".
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan çempionunun bu gün Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb: "Avrokuboklarda "Qarabağ"dan gözləntilər böyükdür. Komandanın cavab matçında da məzmunlu oyun göstərərək müsbət nəticə əldə edəcəyinə inanıram. Pley-offda da bizə tanış olan və daha əvvəl məğlub edə bildiyimiz kollektivlərdən biri ilə üz-üzə gələ bilərik. Bu rəqiblərlə qarşılaşmaya da ciddi hazırlaşmalı və Avropanın bir nömrəli turnirinin Liqa mərhələsinə yüksəlməliyik. Komandanın oyunu, futbolçuların potensialı və klubun təcrübəsi buna imkan verir".
Sadıqov Şimali Makedoniya təmsilçisinin zəif olmadığını söyləyib: "Sensasiyanı ağlımıza gətirməyək. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmaq lazımdır. Avropada hamı futbol oynamağı bacarır. "Qarabağ"ın ilk matçda rahat qalibiyyət əldə etdiyini düşünməməliyik. Çempionumuz bunun üçün xeyli güc sərf edir. Məncə, komanda bu gün də hansısa sensasiyaya imkan verməyəcək. Klubun hədəfləri böyükdür. Bunun üçün yeni heyət də formalaşır. Məncə, komanda Çempionlar Liqasında yoluna davam edəcək".
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 1:0.
İdman.biz