Kristian da Silva: “Qərar məndən asılı olsaydı, indi “Turan Tovuz”da məşq edirdim”

Xəbərlər
12 Avqust 2025 11:43
40
Kristian da Silva: “Qərar məndən asılı olsaydı, indi “Turan Tovuz”da məşq edirdim”

“Turan Tovuz”dan ayrılan Kristian da Silva hələ də klubsuzdur.

İdman.biz xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yeni iş yeri axtarır.

Brazilyalı ölkəmizdən narazı gedib. O, Tovuz klubunda qalmaq istəsə də, yeni təklif almayıb. Kristianı incik salan da bu məqamdır.

Amma futbolçu yaxşı mövsüm keçirməsinə rəğmən, yeni müqavilə bağlamamasının səbəblərini açıqlamır. O, futbolinfo.az saytına açıqlamasında bildirib ki, bu suallara ən yaxşı cavabı komandanın baş məşqçisinin və klub rəhbərliyinin verə biləcəyini deyir: “Düşünürəm ki, bu mövzuda “Turan Tovuz”un baş məşqçisi və ya direktoru ilə danışmaq daha doğru olar. Onlar sizə dəqiq cavab verə bilərlər. Əgər qərar məndən asılı olsaydı, artıq orada məşq edirdim”.

Qeyd edək ki, zəngin karyerası olan da Silva 2022-ci ilin fevralında ölkəmizə gəlmişdi. Ötən ilin yayınadək “Sabah”da oynayan yarımmüdafiəçi “Turan Tovuz”a keçmiş, burada kapitan sarğısına da yiyələnmişdi.

İdman.biz