La Liqa klublarının kapitanları ABŞ-də oyunların keçirilməsi ilə bağlı açıqlama tələb ediblər.
İdman.biz xəbər verir ki, İspaniya Futbol Federasiyası (RFEF) UEFA-ya “Barselona” ilə “Vilyarreal” arasında La Liqanın 17-ci tur matçının Mayamidə keçirilməsi ilə bağlı sorğu göndərib.
Bu görüş dekabrın 20-nə planlaşdırılıb.
"Mundo Deportivo"nun məlumatına görə, La Liqa klublarının heç bir kapitanı bu planlardan xəbərdar olmayıb. Futbolçular oyunun yerinin dəyişdirilməsinə qarşı olmasalar da, ətraflı məlumat tələb ediblər. Onları xüsusilə aşağıdakı məsələlər maraqlandırır: Niyə məhz “Vilyarreal” – “Barselona” oyunu seçilib? Gələcəkdə xaricdə keçirilməsi planlaşdırılan oyunların sayı nə qədər olacaq?
Bundan əlavə, oyunçular əməkdaşlıq müqaviləsinin şərtlərinə riayət olunub-olunmadığını da sorğulayıblar. Belə ki, 8-ci maddə səfər oyunlarından əvvəlki hazırlıq toplanışının maksimum 72 saat (yola sərf olunan vaxt da daxil olmaqla) olmasını tələb edir.
9-cu maddəyə görə isə futbolçuların həftəlik istirahəti azı 1,5 gün, onlardan azı 1 günü fasiləsiz olmalıdır.
Kapitanlar həmçinin aşağıdakı mövzularla bağlı da məlumat istəyiblər: Mayamidə oyunun keçiriləcəyi vaxtda hava şəraiti, tibbi və hüquqi sığorta məsələləri, xaricdə keçirilən oyunlardan əldə olunacaq televiziya gəlirləri.
Qeyd edilir ki, əgər bu məsələlərə aydınlıq gətirilməzsə, futbolçular ABŞ-də oyunun keçirilməsinə və ümumilikdə La Liqa matçlarının ölkə xaricində oynanılmasına qarşı çıxa bilərlər.
İdman.biz