"Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 34-cü turunda öz meydanında qeydə alınmış 0:1 hesablı məğlubiyyəti şərh edib. O, yenidən Premyer Liqaya dönmək üçün dəyişməli olduqlarını bildirib: "Şansı mənə verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın? Biz də mental cəhətdən dəyişməliyik. O qədər gənc məşqçilər var. Niyə də olmasın? Futbolda eniş də var, yüksəliş də. Niyə qayıtmaq olmasın? Niyə travma olsun? Çox yaxşı şeylər də oldu. Səhvlərim də var, düzgün etdiyim şeylər də. İşə yeni başlamışıq, hədəfimiz var. Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Niyə gənclərə güvənməyək? Bəlkə kimsə özünü sübut edəcək? Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola ağır yükü mənə verdilər. Hamımız çalışdıq. Yaxşı şeylər də var idi".
Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Səbail" Premyer Liqa ilə vidalaşıb.
İdman.biz