Çempionlar Liqasının yarımfinal mərhələsinin “Arsenal”la səfərdəki ilk oyununda yeganə qola imza atan PSJ-nin futbolçusu Usman Dembele bir neçə rekorda imza atıb.
İdman.biz xəbər verir ki, matçın başlanğıcından 3 dəqiqə 15 saniyə sonra qol buraxan London klubu Çempionlar Liqasında son 9 ildə ən erkən topa üzülüb.
2016-cı ilin sentyabrında da “topçular”ın PSJ ilə görüşündə belə erkən qol qeydə alınıb. Həmin vaxt Edinson Kavani fərqlənib.
PSJ Çempionlar Liqası tarixində ən çoxgedişli kombinasiyanı qolla tamamlayıb. Parislilər Dembelenin qoluna qədər 26 ötürmə ilə qapıya yaxınlaşıblar.
Dembele “Böyük beşlik” təmsilçiləri ilə son 6 ildə təqvimin ilk 4 aynda 25 qol vuran ilk futbolçu olub. 2019-cu ildə Lionel Messi “Barselona”da bunu bacarıb.
Usman PSJ ilə Çempionlar Liqasının bir mövsümündə “qol+assist” sayında Kilian Mbappenin (2020/21) nəticəsini təkralayıb – 11 top.
Dembele cari mövsümdə Çempionlar Liqasında 8-ci qolunu vurub. Bu, fransalı oyunçular arasında 2-ci nəticədir. Kərim Benzema 2021/22 mövsümündə 15 dəfə fərqlənib. Dembele David Trezeqe (2001/02), Vissam Ben-Yedde (2017/18) və Kilian Mbappeyə (2020/21 və 2023/24) çatıb.
İdman.biz