Rəşad Sadıqov: “İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq”

Xəbərlər
29 Aprel 2024 22:16
Rəşad Sadıqov: “İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq”

“Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXII turunda uduzan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis “Araz-Naxçıvan”a 0:1 hesablı məğlubiyyəti şərh edib: “Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur. Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik”.

Rəşad Sadıqov hesab açılmadığı üçün son dəqiqələrin çətin keçəcəyini gözlədiyini bildirib: “Son dəqiqələrdə düşünürdüm. Bu qədər üstünlüyü qola çevirə bilmirsənsə, son dəqiqələrdə sənin üçün çətin keçəcək. Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində 4-5 belə oyun keçirir”.

“Zirə”nin baş məşqçi növbəti dəfə hakim qərarları barəsində fikir bildirib: “Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. Bəzi klubların hakimlərlə münasibəti... Əminəm ki, bu, yaxın gələcəkdə aradan qalxacaq. Amma hələ ki, davam edir. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər. Sayılmayan qol epizodu haqda danışmağı düzgün hesab etmirəm. Amma tək bu deyil ki, o qədər epizodlar var. İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq”.

Qeyd edək ki, 89-cu dəqiqədə qapısından top buraxan “Zirə” 5 oyundan sonra uduzub.

İdman.biz